Mədəniyyət

  • 9 209

"Qafqaz Albaniyasını öyrənirik" layihəsinə start verilib

image

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Qafqaz Albaniyasını öyrənirik" layihəsinə start verib. Layihə çərçivəsində Bakı Dövlət Universitetində"Yelizavetpol quberniyasında udi kəndləri: biz nə bilirik" mövzusunda mühazirə təşkil olunub. Mühazirədən öncə, BBMM-in şöbə müdiri Sərxanbəy Xuduyev layihə haqqında məlumat verib.

Mühazirəni Azərbaycan Respublikası İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tanınmış tarixçi Nazim Mustafa təqdim edib. Mühazirəçi bildirib ki, Azərbaycanın qədim və köklü soylarından olan udilər haqqında e.ə. V əsrdə yaşamış qədim yunan müəllifi Herodot özünün "Tarix" əsərində yazıb. E.ə. I əsrdə yazıb-yaratmış Strabon da "Coğrafiya" əsərində Qafqaz Albaniyasında yaşamış 26 dildə danışan yerli alban soyundan olan udilərin adını qeyd edib: "Udilər tarixin mürəkkəb və keçməkeşli mərhələlərini yaşamışlar. XIX əsrin ikinci yarısında Yelizavetpol quberniyasında qeydə alınan udilər öz identikliyini qoruyub saxlaya bilmişdir. Artıq bu dövrdə udilərin süni şəkildə erməniləşməyə məruz qalmaları prosesi başlanıb. Belə ki, "Türkmənçay" (1828) və "Ədirnə" (1829) müqavilələri bağlandıqdan sonra Azərbaycan torpaqlarına İran və Osmanlı imperiyalarından 120 mindən artıq erməni köçürülüb, həmin ermənilərin bir qismi keçmiş Gəncə xanlığının ərazində olan udi kəndlərində yerləşdilirilib, Azərbaycan üçün arzuolunmaz demoqrafik proseslər başlanıb.

Məruzəçi mühazirənin sonunda hazırda Azərbaycan dövlətinin Qafqaz Albaniyasının maddi-mədəni irsinin qorunması, Qəbələ rayonunun Nic kəndində və Oğuz şəhərində yaşayan udilərə məxsus tarixi-memarlıq abidələrinin mühafizə edilməsi, onların mədəniyyətinin inkişaf etdirilməsi və dillərinin qorunması sahəsində həyata keçirdiyi ardıcıl tədbirlər haqqında da ətraflı məlumat verib.

Mühazirə auditoriya tərəfindən maraqla qarşılanıb, sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

NƏZAKƏT

Digər xəbərlər