Mədəniyyət

  • 28 314

144 illik inkişaf yolunu keçən Azərbaycan peşəkar teatrı

image

Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Qədim tarixə malik "Sayaçı", "Novruz", "Gəvsəç" kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir. "Novruz" mərasiminin mühüm epizodunu təşkil edən "Kosa-kosa" oyunu əsl teatr örnəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin, xüsusi paltar geyinən maska taxan aktyor vardır. Bir neçə gün davam edən toy mərasimlərində ifa olunan "Xan-xan", "Mütriblərin rəqsi", "Gəlinlə qayınananın deyişməsi" və s. epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir.

Uzaq zamanlardan bəri xalq arasında geniş yayılmış "Kosa-kosa", "Qaravəlli" (meydan teatrı formalarından biri), "Kilimarası", "Şah Səlim" (kukla tamaşaları) və s. Azərbaycanda xalq teatrının müstəqil tarixə malik olduğunu göstərir. Bu tamaşa biçimlərindən bir qismi sabit süjet üzərində qurulduğundan, oyun xarakteri daşıdığı halda, başqa qismi xırda məzhəkələrdən ibarət repertuara malik olub, Azərbaycan xalq teatrının daha yetkin mərhələsini təşkil edirdi.

Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rola malik olmuşdur. Azərbaycanda milli teatrın yaradılmasından 144 il ötür. Azərbaycan teatrının tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanın vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. H.Zərdabinin təşəbbüsü, N.Vəzirov və Ə.Adıgözəlovun yaxından iştirakı ilə realni məktəbin şagirdləri tərəfindən göstərilən bu ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün qüdrətli təkan idi.

Qabaqcıl Azərbaycan ziyalıları, sonralar Qori Seminariyasını bitirən Müəllimlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları düzəldir, eyni zamanda, bu tamaşalarda "aktyor" kimi çıxış edirdilər. Şuşada qabaqcıl müəllim və ziyalı qüvvələri Y.Məlik-Haqnəzərovun rəhbərliyi ilə yay tətilləri zamanı klubda və Xandəmirovun Teatrında müntəzəm surətdə tamaşalar təşkil edir, M.F.Axundovun komediyalarını oynayırdılar.

M.F.Axundovun əsərlərindən ibarət tamaşalar verildiyi bəllidir. 1876-cı ildən M.F.Axundovun komediyaları Tiflisdə də oynanılmışdır. XIX əsrin 70-80-cı illərində Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında formalaşmağa başlayırlar. Ona görə də, Bakının teatr həyatı 80-ci illərin axırlarına doğru yenidən canlanır və burada əsil mənada müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olur. 1890-cı illərdən başlayaraq, N.Nərimanovun Azərbaycan teatrının ideyaca sağlam bir yöndə inkişaf etməsində, teatrda səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidməti olmuşdur.

1910-cu ildə "Səfa" adlı yeni mədəni-maarif cəmiyyəti və onun yanında teatr şöbəsi yaradıldı. 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda ilk milli opera - Ü.Hacıbəyovun "Leyli və Məcnun" əsərinin tamaşası ilə Azərbaycan professional musiqili teatrının əsası qoyuldu. Musiqili teatrın yarandığı ilk illərdə onun repertuarını Ü.Hacıbəyovun 1908-1913-cü illərdə yaratdığı "Leyli və Məcnun", "Şeyx Sənan", "Rüstəm və Zöhrab", "Şah Abbas və Xurşid Banu", "Əsli və Kərəm" operaları, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları təşkil edirdi. Ancaq özünün ayrıca repertuarının olmasına baxmayaraq, musiqili teatrda peşəkar ifaçılara böyük ehtiyac duyulurdu.

1916-cı ildə C.Məmmədquluzadənin "Ölülər" komediyasının tamaşaya qoyulması Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən bir olay idi. Bu tamaşa mövhumat və cəhalət, yalan və zülm dünyasına qarşı bir ittihamnamə kimi səslənərək, böyük uğur qazandı.1917-ci ildə Bakıda "Müsəlmən Artistləri İttifaqı" yaradıldı. A.M.Şərifzadə ittifaqa sədr seçildi. İttifaq bütün teatr dəstələrini öz ətrafına toplayaraq, yoldaşlıq münasibətləri əsasında tamaşalar verirdi. Ancaq bu ittifaq 1918-ci ilin mart ayınadək fəaliyyət göstərə bildi. Mayılov Teatrının anterprenyorları binada Azərbaycan aktyorlarının çıxış etməsinə imkan vermirdilər. Qabaqcıl, demokratik ideyalarla sıx bağlı olan Azərbaycan teatrı xalqın mədəni inkişafında mühüm rol oynamışdı. Ancaq eyni zamanda, bu illərdə teatr hələ yüksək səhnə mədəniyyəti səviyyəsinə qalxmamışdı.

XX əsrin 20-ci illərində teatrın repertuarı formalist və vulqar-sosioloji axınlara qarşı kəskin mübarizə şəraitində yaradıldı. Teatrın qarşısında duran əsas problemlərdən biri tamaşaların ideya-bədii səviyyəsini yüksəltmək idi. Tərcümə pyesləri, eləcə də, Azərbaycan dramaturqlarının əsərləri, özəllikcə C.Cabbarlının pyesləri teatrın repertuarını zənginləşdirdi. Bu illərdə "Ölülər", "Laçın yuvası", "Şeyx Sənan", "Knyaz", "Aydın", "Oqtay Eloğlu", "Sevil", "Od gəlini", "Müfəttiş", "Həyatın dibində", "Qaçaqlar", "Otello", "Zaqmuk" və s. əsərlər tamaşaya qoyulmuşdu.

Yeni forma axtarışları ilə bağlı teatrın bəzi uğursuz tamaşaları da olmuşdur. Ancaq bunlar realist sənət yolu ilə irəliləyən teatrın ümumi inkişafına ciddi təsir göstərə bilməmişdi. 20-ci illərdən teatrda aktyorlardan A.M.Şərifzadə, Ü.Rəcəb, M.A.Əliyev, S.Ruhulla, M.Davudova, İ.Hidayətzadə, R.Təhmasib, K.Ziya, M.Mərdanov, M.Vəlixanlı, Ə.Qurbanov, S.Hacıyeva, Ə.Məmmədova, M.Sənani, Q.Topuriya, M.Yermakova, rejissor A.Tuqanov, Bakı Teatr Texnikumunun ilk məzunlarından F.Qədiri, R.Əfqanlı, İ.Dağıstanlı və başqaları fəaliyyət göstərirdilər. 1935-1941-ci illər Azərbaycan Dövlət Dram Teatrının yetkinləşmə dövrüdür. Bu dövrdə teatr müasir mövzuda "Həyat", "Toy" pyeslərini, "Vaqif", "Xanlar", "Qaçaq Nəbi" tarixi qəhrəmanlıq dramlarını göstərdi.

1970-ci illərdə Azərbaycanda, bütün sahələrdə olduğu kimi, teatr sahəsində də intibah yarandı. Teatra, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşan, onlara, sözün əsl mənasında, hamilik edən Ulu Öndər Heydər Əliyevin səyi və köməyi nəticəsində, milli teatr sənətimiz vüsətli inkişaf yoluna düşdü.

1974-cü ildə Azərbaycan teatrının 100 illik yubileyi görünməmiş təntənə ilə qeyd olundu. Azərbaycanın o vaxtkı MK-nın Birinci Katibi Heydər Əliyevin dərin məzmunlu məruzəsi dinlənildi. Yubiley münasibətilə "Gülüstan" sarayındakı ziyafətdə də Ümummilli Lider Heydər Əliyev sənət, sənətkarlar və sənətkarlıq barədə məruzə ilə çıxış etdi. O vaxt neçə-neçə sənətçi təzə mənzillərlə təmin olundu, fəxri adlara layiq görüldü, mükafatlandırıldı. Həmin ildə təkcə Azərbaycan Dövlət Akademik Dram Teatrının üç görkəmli sənətkarı - M.Məmmədov, İ.Dağıstanlı və İ.Osmanlı - keçmiş SSRİ-də ən yüksək ad olan SSRİ xalq artisti adına layiq görüldülər. 1974-cü il 27 iyundan 10 iyula kimi teatr Moskvada qastrolda oldu. Lenin ordeni ilə təltif edildi. S.Vurğunun "İnsan", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı", N.Poqodinin "Zamanın hökmü", F.Şillerin "Məkr və məhəbbət", V.Şekspirin "Fırtına", C.Məmmədquluzadənin "Ölülər" əsərlərinin tamaşalarını göstərdilər.

Ölkəmizin ayrı-ayrı müttəfiq respublikalarla iqtisadi əməkdaşlığı, ideoloji və mədəni əlaqələri zəiflədi. Azərbaycanın iqtisadi-siyasi həyatında sönüklük, tənəzzül əhval-ruhiyyəsi yaradan hərbi-siyasi aparxiya talançılıq və terror, milli mədəniyyətimizə, incəsənətimizə, o cümlədən, teatr sənətimizə ağır zərbə vurdu. Teatrlarımızda yaradıcılıq əhval-ruhiyyəsi zəiflədi. Lakin 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqillik əldə etdikdən sonra, 1993-cü ildən əhalinin sosial rifah halı və vətəndaş fəaliyyəti artdı. Azərbaycanın Akademik Milli Dram Teatrında Azərbaycan və qeyri-milli dramturqların klassik və müasir mövzuda bir sıra maraqlı əsərlərin tamaşası hazırlandı. "Hökmdar və qızı", "Hara gedir bu dünya?", "Özümüzü kəsən qılınc", "Dar ağacı", "Məhəbbət və azadlıq adası", "Dişi canavar", "Ah, qadınlar, qadınlar", "Qısqanc ürəklər", "Min illərin işığı", "Hərdən mənə mələk də deyirlər", "Ana intiqamı", "Ağqoyunlular və qaraqoyunlular", "Ah Paris... Paris", "Mənim sevimli dəlim", "Mənim ərim dəlidir", "Poçt şöbəsində xəyal", "Qatil", "Pompeyin Qafqaza yürüşü", "Şah Edip", "Burla Xatun", və digər tamaşalar oynanıldı. Bu tamaşaların əksəriyyətinin premyerasında Ulu Öndər Heydər Əliyev iştirak edərək, tamaşa haqqında, eləcə də, yaradıcı simalarla bağlı bir teatrşünas və teatr tənqidçisi kimi fikirlərini bildirmişdir.

1998-ci ildə Azərbaycan teatrının 125 illik yubileyi münasibətilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Sərəncam imzaladı. İ.Kərimovun "Azərbaycan peşəkar teatrının tarixi və inkişaf mərhələləri" adlı kitabı, İ.Rəhimlinin "Akademik Milli Dram Teatrı" salnaməsi və neçə-neçə kitablar çap olundu. Sənət adamları fəxri adlara layiq görüldülər.

Bu gün Azərbaycan peşəkar teatrı sənət yolunun yeni bir mərhələsini yaşayır. Belə ki, Ulu Öndər Heydər Əliyev ənənələrini ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə teatr binaları təmir və bərpa etdirilib, onların dünya teatr səhnəsinə uyğun olaraq, fəaliyyət göstərmələrinə hər cür şərait yaradılır. Prezidentin Sərəncamı əsasında, teatr xadimlərinə xüsusi mükafatlar, fəxri adlar verilir və həyat şəraitləri yüksəldilir.

İnanırıq ki, 144 illiyini qeyd edən Azərbaycan peşəkar teatrı maraqlı səhnə əsərləri ilə böyük nailiyətlərə imza atacaq.

ZÜMRÜD

Digər xəbərlər