Mədəniyyət

  • 6 045

Beynəlxalq Musiqi Gününə həsr edilən konsert olub

image

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Musiqi Gününə həsr edilən konsert olub. SİA-nın məlumatına görə, konsertdən əvvəl muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova tədbir barədə fikirlərini jurnalistlərlə bölüşüb. O deyib: “Bu il muzeyimiz yaradılmasının 50 illiyini qeyd edir və bu əlamətdar hadisə münasibətlə biz silsilə tədbirlər keçiririk. Bugünkü tədbir də istisna deyil. Bu gün biz həm də Beynəlxalq Musiqi Gününü qeyd edirik”. A.Bayramova diqqətə çatdırıb ki, muzeydə yeni zallar, ekspozisiyalar açılır, sərgilər hazırlanır, həmçinin tədbirlər, konsertlər keçirilir. “Biz zəngin kolleksiyamızı təqdim edirik. Burada Azərbaycan və digər ölkələrin xalq çalğı alətlərinə dair zallar var” - deyə, muzeyin direktoru bildirib. O bildirib ki, muzey Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Bakıda fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi ilə birlikdə tez-tez konsertlər təşkil edir.Muzeyin şöbə müdiri Xanım Abdinova tədbir iştirakçılarına Beynəlxalq Musiqi Günü haqqında məlumat verib. Bildirib ki, Beynəlxalq Musiqi Günü UNESCO-nun Beynəlxalq Musiqi Şurasının təşəbbüsü ilə 1973-cü ildə təsis edilib. Bu əlamətdar gün 1975-ci ildən başlayaraq hər il oktyabrın 1-də qeyd edilir. Beynəlxalq Musiqi Gününün məqsədi xalqlar arasında dostluğu, mədəniyyətlərin qarşılıqlı zənginləşməsini reallaşdırmaqdır, çünki musiqi dilinin tərcüməyə ehtiyac yoxdur.Daha sonra Bakı Musiqi Akademiyası tələbələrinin və Respublika İncəsənət Gimnaziyası şagirdlərinin iştirakı ilə konsert proqram təqdim olunub. Konsertdə C.Cordani, F.Şopen, P.Çaykovski, N.Rimski-Korsakov, İ.Kalman, Ü.Hacıbəyli, Niyazi və S.Rüstəmovun əsərləri səsləndirilib.

sia.az

Digər xəbərlər