“Uralın ürəyi” adlı fərdi sərgi açılıb

Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) gənc yazıçı və fotoqraf Rüstəm Hüseynovun “Uralın ürəyi” adlı fərdi sərgisi açılıb.RİMM-dən SİA-ya bildirilib ki, sərginin ekspozisiyası Perm diyarının təbiəti, memarlığı, tarixi və müasir həyatı haqqında fotoşəkillərdən ibarətdir. Müəllif bu yaxınlarda “Rossotrudniçestvo” agentliyinin “Yeni nəsil” proqramı çərçivəsində Perm diyarında olub.Sərginin açılış mərasimində çıxış edən “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov deyib: “Biz Rüstəmə təşəbbüsünə görə təşəkkür edirik. O, fotoşəkillərini bizə göstərəndə hər şey dərhal aydın oldu. Bu fotoşəkilləri RİMM-ə gələn çoxsaylı qonaqlar da görməlidirlər”.Açılış mərasimində memar və rəssam Elçin Əliyev və yazıçı Aleksandr Xakimov da çıxış ediblər. Rüstəm Hüseynov sərgidə yer alan bu və ya digər fotoşəkli barədə ətraflı məlumat verib.Noyabrın 10-dək davam edəcək sərgiyə giriş sərbəstdir.

sia.az