Mədəniyyət

  • 4 650

Emin Sabitoğlunun anadan olmasının 80-ci ildönümü tamam olur

image

Xalq artisti Emin Sabitoğlunun anadan olmasının 80-cı ildönümü tamam olur. SİA-nın məlumatına görə, özü aramızda olmasa da, “bəzən bir ümid, bəzən göz yaşı gətirən” nəğmələri həmişə bizimlə olan unudulmaz bəstəkarın yubileyi dövlət səviyyəsində keçirilir. Bununla bağlı Prezident İlham Əliyev avqustun 5-də “Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncam əsasən hazırlanan tədbirlər planına uyğun olaraq sənətkarın 80 illik yubileyi ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edilməkdədir.Bir payız axşamı görkəmli dramaturq Sabit Rəhmanın ailəsində dünyaya göz açan Emin sonralar məşhur mahnılarından birində söylədiyi kimi, “haradan gəlib hayana gedəcəyini” çox gözəl bilirdi. Belə olmasaydı, Üzeyir Hacıbəyov adına Azərbaycan Konservatoriyasının nəzdindəki orta musiqi məktəbində (indiki Bülbül adına məktəbdə) təhsil almazdı, 1954-cü ildə Konservatoriyada, Qara Qarayevin sinfinə daxil olmazdı, 1957-1961-ci illərdə təhsilini P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirməzdi.Sonralar o, “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü.Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib.Ötən yüzillikdə Azərbaycan musiqisi tarixində layiqli iz qoyub getmiş Emin Sabit oğlu Mahmudov milli bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən biridir. Xalq Artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli bəstəkarın kino və tamaşalarda səslənən musiqiləri dillər əzbəridir, ayrı-ayrı müğənnilərin repertuarında geniş yer tutur. Onun filmlərə yazdığı musiqilər yüksək mədəniyyət, zəngin dünyagörüşü və yaradıcı intellektin məhsuludur. Elə bunun nəticəsində də bədii əsərlərin təcəssümü olan zamanın ruhunu çox dəqiqliklə hiss etdirir, hadisələrin məğzini açır. Emin Sabitoğlu musiqisi emosional ekran poeziyası kimi baxımlıdır. Bəstəkarın kino musiqisi tamaşaçını filmlərdəki hadisələrə daha çox ürəkdən təmas etməyə, daxilən obrazlarla ünsiyyət qurmağa təkan verir, hətta film bitdikdən sonra da tamaşaçını özünün emosional təsirində saxlayır. Bəstəkar tanınmış rejissorlardan - Həsən Seyidbəyli, Şamil Mahmudbəyov, Arif Babayev, Tofiq Tağızadə, Rasim Ocaqov və Vaqif Mustafayevlə əməkdaşlıq edib, onların çəkdikləri filmlərə yaddaqalan musiqi bəstələyib.Bu gün - noyabrın 2-si onun ad günüdür - özü aramızda olmasa da, mahnıları dilimizin əzbəri olan Emin Sabitoğlunun... O mahnılar, o musiqilər ki, hər dəfə ifa olunduqca qəlbimizdə romantik duyğular oyadır, bizi bizdən alıb çox-çox uzaqlara aparır. Elə uzaqlara ki, orda yaşıl ada var, “bir axşam taksidən payıza düşüb”, “bahar həsrəti ilə payız axşamında”, “yağışın əlindən qaçıb”, “üzü dənizə sarı dayanır”...Lakin üz tutub getdiyi dənizdəki yaşıl ada, nə aradan ötüb keçən illər onu – bənzərsiz və qənirsiz musiqilərin bəstəçisi olan Emin Sabitoğlunu bizdən ayıra bilməz, çünki yadigar qoyub getdiyi həmin bəstələr hər gün evimizdə, ekran və efirimizdə və qəlbimizdə səslənir...Bir də “Dədə Qorqud”da, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə, “Evləri köndələn yar”da, “Özgə ömür”də, “Ad günü”ndə, “Gün keçdi”də, “Bəyin oğurlanması”nda, “Otel otağı”nda.

sia.az

Digər xəbərlər