Mədəniyyət

  • 6 035

Beynəlxalq abidələr və tarixi yerlər günü ilə bağlı tədbir keçirildi

image

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Rəsmi Qəbullar Sarayında Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Milli irs mükafatı”nın təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasim iştirakçıları əvvəlcə sarayın foyesində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev və mədəni irs” adlı fotosərgi ilə tanış olublar.Sonra ölkəmizdə abidələr və tarixi yerlərin mühafizəsi ilə bağlı maarifləndirici videoçarx nümayiş olunub.Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri səlahiyyətlərini icra edən Əbülfəs Qarayev bildirib ki, bu əlamətdar günün qeyd olunması bəşəriyyətin tarixi irsə və abidələrə verdiyi qiymətin mühüm təzahürüdür. Vurğulanıb ki, Beynəlxalq abidələr və tarixi yerlər günü hər il ölkəmizdə geniş şəkildə qeyd olunur, paytaxtda və bölgələrdə müxtəlif tədbirlər təşkil edilir. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün qoruq və muzeylərdə 18 aprel tarixində “açıq qapı” günü elan olunur.Nazir deyib ki, tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva ölkəmizin daxilində və xaricində böyük işlər həyata keçirirlər.Son illər ölkəmizdə tarixi abidələrin bərpası və qorunması istiqamətində bir sıra layihələr icra olunub. Təkcə onu qeyd etmək yerinə düşər ki, bu il martın 25-də Prezident İlham Əliyev Bərdə rayonun əsaslı şəkildə bərpa olunan “Allah-Allah” türbəsi və Torpaqqala kompleksində yaradılan şəraitlə tanış olub. Martın 26-da isə Quba şəhərində yerləşən “Hündür günbəzli hamam”ın təmir-bərpadan sonra açılışı reallaşıb.Əbülfəs Qarayev qeyd edib ki, ölkə başçısının böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. Son illərdə xalqımızın yaratdığı mədəni irs nümunələrinin dünyada tanıdılması istiqamətində də bir sıra uğurlara imza atılıb. İçərişəhər Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə, habelə Qobustan qoruğu UNESCO-nun Dünya irs siyahısına daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasında olub. Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində işlər davam etdirilir.“Dövlət tərəfindən tarixi abidələrə göstərilən diqqət və qayğı cəmiyyət üçün nümunə olmalıdır”Qədim abidələrin, tarixi məkanların xalqımızın keçmişini yaşatmaqla yanaşı, gələcəyimiz üçün də çox böyük əhəmiyyət kəsb etdiyini deyən nazir son vaxtlar ölkə Prezidenti tərəfindən tarixi-mədəni irsin qorunması ilə bağlı imzalanan fərman və sərəncamların önəmini vurğulanıb. Bildirib ki, milli mədəni irsin qorunmasını təmin etmək, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” isə bundan sonra görüləcək işlərin istiqamətini dəqiq müəyyən edən qiymətli bir sənəddir: “Bu sənədə daşınmaz tarix-mədəniyyət abidələrinin yeni siyahısının tərtibi, bərpa-konservasiya işlərinə dair normativ sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, qoruqların maddi-texniki bazasının gücləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı kimi vacib məsələlər daxil edilib”.Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətindən danışan Əbülfəs Qarayev bildirdi ki, dövlət tərəfindən tarixi abidələrə göstərilən diqqət və qayğı cəmiyyət üçün də nümunə olmalıdır: “Mən bütün biznes nümayəndələrindən, inşaatçılardan xahiş etmək istəyirəm ki, hər hansı yeni inşaat prosesini həyata keçirəndə tarixi abidələri nəzərə alsınlar. Yeni inşaat işləri aparanda, yeni layihə həyata keçirəndə mütləq düşünün ki, siz tikinti aparmağı nəzərdə tutduğunuz məkanda vaxtilə hansısa böyük memarlar, inşaatçılar əziyyət çəkiblər. Onun dağıdılmasına imkan verməyin. Siz öz əməyinizlə keçmişə hörmətlə yanaşmalısınız. Əgər bu nəzərə alınmasa, siz də bu aqibəti yaşaya bilərsiniz”.Əbülfəs Qarayev çıxışının sonunda mədəni irsimizin təbliğində zəhməti keçən hər kəsi əlamətdar gün münasibətilə təbrik etdi, uğurlar arzulayıb.Mərasimdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova mədəni irsin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, tarixi abidələrin mühafizəsinə diqqət göstərmək hər bir vətəndaşın borcudur. Tarix və mədəniyyət abidələrinin qorunması sahəsində görülən işlərə toxunan natiqlər bu yöndə həyata keçən layihələrdən bəhs etdilər.“Milli irs mükafatı” sahiblərinə təqdim olunub.Tədbirdə Azərbaycanın mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə nazirliyin 2013-cü ildə təsis edilmiş “Milli irs mükafatı” bu sahə üzrə fərqlənmiş şəxslərə təqdim olunub. Azərbaycan mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərinə görə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Xalq rəssamı Cəlil Hüseynov, mədəni irsin tədqiqində xidmətlərinə görə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev və Azərbaycan irsinin təbliğində xidmətlərinə görə Azərbaycan Respublikası Memarlar İttifaqı “Milli irs mükafatı”na layiq görülüb.Bunda əlavə, mədəni irsin qorunması və təbliğindəki xidmətlərinə görə Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev, mədəni irsin qorunması sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Qəbələ Dövlət tarix-bədii qoruğunun bərpaçı rəssamı Məhəmməd Əhmədov, Bərdə rayonunun abidə mühafizəçisi Lalə Məmmədova, Şamaxı rayonunun abidə mühafizəçisi Yasin Nuriyev və Masallı rayonunun abidə mühafizəçisi Elşad Mənsimov Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif ediliblər.

sia.az

Digər xəbərlər