Mədəniyyət

  • 5 994

Mstislav Rostropoviçin xatirəsi anılıb

image

Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində görkəmli musiqiçi M.Rostropoviçə həsr olunan konsert proqramı təqdim edilib.SİA-nın məlumatına görə, tədbiri açan muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Şeyla Heydərova maestronun Bakıya sonuncu gəlişindən söhbət açıb: “Onun sonuncu gəlişi 2006-cı ildə dahi musiqiçi, bəstəkar D.Şostakoviçin 100 illik yubileyinə həsr olunmuş festivala təsadüf etdi. Bu tədbir onun üçün çox önəmli idi və şəxsən özü rəhbərlik edirdi. Həmçinin festivalda dirijorluq edirdi. Festivala aid unikal kadrlar, afişası üzərində həm maestronun, həm də musiqiçilərin avtoqrafları olan proqramlar, bukletlər muzeyin ekspozisiyasında yer alır. Mstislav Rostropoviç hər zaman olduğu kimi bu gəlişində də ata ocağına baş çəkmişdi. Deyirdi ki, “Mən gələn il Bakıya gəldiyim zaman Firəngiz Əlizadənin yazdığı operaya dirijorluq edəcəyəm”. Çox təəssüflər olsun ki, onun bu planı həyata keçmədi, “İntizar” operasının premyerası oldu, lakin maestro dirijorluq edə bilmədi”.Tədbirdə Xalq Artisti, professor Firəngiz Əlizadə görkəmli bəstəkarla bağlı xatirələrini bölüşüb. “Maestronun Bakıda anadan olması ilə fəxr edirik. O, doğulub boya-başa çatdığı bu evi çox sevirdi. Mstislav Rostropoviç insanlığın dahisidir. Biz onunla yaradıcılıq cəhətdən yaxın idik, onunla İsveçrədə çox olmuşuq. Onun ev-muzeyində royalın qarşısında ikimizin birgə şəkli yer alır. Çox böyük xoşbəxtlikdir ki, biz onunla bir çox layihələr həyata keçirmişik”, - deyə Xalq Artisti qeyd edib.Konsertdə Əməkdar Artist Aleksey Miltıx, beynəlxalq və respublika müsabiqələr laureatı Səidə Tağızadə, Orxan Hüseynov, Murad İbrahimov, Bakı Musiqi Akademiyasının tələbələrindən ibarət kvartet tərəfindən Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa edilib.Tədbirdə, həmçinin görkəmli bəstəkarın xatirəsinə həsr olunmuş şeirlər oxunub.

sia.az

Digər xəbərlər