Turin Beynəlxalq Kitab Sərgisi başa çatıb

Ölkəmiz Beynəlxalq Kitab Sərgisində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 32 kv.m. sahədə xüsusi dizaynlı stendlə təmsil olunub. SİA-nın məlumatına görə, sərgi müddətində həm yerli ziyarətçilər, həm də beynəlxalq iştirakçılar tərəfindən pavilyonumuz böyük maraqla qarşılanıb. İstər yerli, istərsə də əcnəbi nəşriyyatlarla, kitab sənət sahəsində fəaliyyət göstərən digər aiddiyyatı qurumlarla əməkdaşlıq imkanları müzakirə olunub.Ziyarətçilərin böyük əksəriyyətinin Azərbaycanı tanıması, hətta ölkəmizə səfər etməsi və bu səfərdən məmnun qalması xüsusi vurğulanmalı məqamlardandır. Ümumilikdə ekspozisiyamıza maraq göstərən hər kəsə vətənimizin qədim tarixi və mədəniyyəti, bu günü, Qarabağ həqiqətləri, ölkəmizin sürətli inkişafı, əmin-amanlığı, tolerantlığı, multikultural dəyərlərə önəm verməsi haqqında ətraflı məlumat çatdırılmış, yüksək sivil meyarları, demokratik ənənələri üstün tutan millətimizin müsəlman şərqində ilk parlamentli respublikanın banisi olduğu və bu il 100 illik yubileyinin təntənəli şəkildə qeyd edildiyi bildirilib.İtaliyanın Turin şəhərində keçirilən kitab sərgisində Azərbaycanın iştirakı bu iki millət arasında mədəni əlaqələrin inkişafına, ölkəmizin daha geniş auditoriyada tanıdılmasına daha bir töhfə olub.

sia.az