Özbəkistanda “Azərbaycan Mədəniyyət Həftəsi” keçiriləcək

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı, Səmərqənd şəhər Hakimiyyəti, Səmərqənd Vilayəti üzrə Azərbaycan Cəmiyyətinin dəstəyi ilə ölkənin ikinci böyük şəhəri olan Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi” keçiriləcək.Azərbaycanın Özbəkistandakı Səfirliyi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktorunun SİA-ya verdiyi məlumata görə, tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 15 iyun – Milli Qurtuluş gününə həsr olunacaq.Cari ilin 9-11 iyun tarixlərində keçiriləcək “Azərbycan mədəniyyəti həftəsi” tədbirləri çərçivəsində Səmərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı olacaq.Növbəti gün isə Səmərqənd şəhərinin mərkəzində yerləşən Həmid Alimcan adına Səmərqənd Vilayət Musiqili Dram Teatrının qarşısında – açıq havada “Cümhuriyyətinin 100 illik yubileyi mübarək, Azərbaycan!” adlı tədbir və möhtəşəm konsert proqramı keçiriləcək.Tədbirdə Özbəkistanın tanınmış musiqiçilərinin, habelə azərbaycanlı saz ustalarının, milli geyimli rəqs kollektivlərinin çıxışları təqdim olunacaq. Tədbirdə özbək pəhləvanları Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yeni milli geyimlər kolleksiyasına aid Qarabağ geyimləri nümayiş olunacaq. Açıq havada keçiriləcək Moda sərgisində ilk dəfə olaraq Azərbaycanın Qarabağ bölgəsinə aid bəylərin geyimləri, zadəgan, habelə Qarabağ xanımlarının mərasim geyimləri iştirakçılara təqdim olunacaq.Tədbir çərçivəsində “Şərqin ilk parlayan ulduzu – Azərbaycan Xalq Cümhuriyyəti” adlı fotosərgi, kitab sərgisi, habelə milli mədəniyyətimizi, adət və ənənələrimizi özündə əks etdirən stend qurulacaqdır. Sərgidə Azərbaycan suvenirləri, xalçalarımız, kəlağayılarımız nümayiş olunacaq.Tədbirdə Səmərqənd Vilayət Hakimiyyətinin nümayəndələri, şəhərin elm, mədəniyyət, təhsil işçiləri, ali məktəblərin müəllim və tələbələri, yerli azərbaycanlılar, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak edəcəklər.“Azərbaycan mədəniyyəti həftəsi” zamanı ölkəmizə dair zəngin kitab kolleksiyası - Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 5 ildə Özbəkistanda özbək dilində çap olunmuş 50 adda kitab Səmərqənd Vilayət Mərkəzi kitabxanalarına hədiyyə ediləcək.

sia.az