Mədəniyyət

  • 4 675

Xarici qonaqlar “Naxçıvan İslam mədəniyyətinin paytaxtı–2018” üçün Azərbaycana gəliblər

image

Bu gün Naxçıvanda keçiriləcək “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” tədbirində iştirak edəcək xarici qonaqlar artıq Azərbaycandadırlar. Mədəniyyət Nazirliyindən SİA-ya bildirilib ki, 2009-cu il oktyabrın 13-15-də Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilməsi barədə qərar qəbul edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Sərəncamda deyilir: “Bakı şəhərində 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI Konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir. Həmin qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır”.Naxçıvan şəhərin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı bu gün Naxçıvanda təntənəli mərasim keçiriləcək. Tədbirdə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru, TÜRKSOY-un baş katibi, İndoneziya, Tacikistan, Özbəkistan və Əlcəzairin mədəniyyət nazirləri, İran, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Türkmənistan və Qətərin mədəniyyət nazirlərinin müavinləri və digər ölkələrin rəsmi şəxslərindən ibarət nümayəndə heyətləri iştirak edəcək. Tədbirdə iştirak edəcək xarici qonaqlar Azərbaycana gəliblər.Məlumat üçün qeyd edək ki, “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” mədəniyyət ili çərçivəsində ISESCO-nun 2018-ci il üçün Fəaliyyət Planına uyğun olaraq iyunun 20-21-də Bakıda “Mədəniyyət sənayesində investisiyanın vacibliyi və onun gənclər arasında işsizliyin azaldılmasında rolu” üzrə milli seminar təşkil olunacaq. Həmçinin iyunun 21-22-də Naxçıvan şəhərində “Üzv ölkələrdə ISESCO-nun Yaşıl Şəhərlər Strategiyasının həyata keçirilməsi” üzrə ekspertlərin görüşü keçiriləcək.

sia.az

Digər xəbərlər