Mədəniyyət

  • 6 623

Azərbaycan klassik musiqisi ilk dəfə Nigeriyada səslənib

image

Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının təşəbbüsü və dəstəyi ilə bu ölkənin əsas mədəniyyət mərkəzi və böyük şəhəri Laqosda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “İpək yolu” adlı Azərbaycan gecəsi keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanın Dostları Təşkilatının sədri Billurə Bayramovanın təşkilatçılığı ilə gerçəkləşən bu tədbir Nigeriyada Azərbaycan mədəniyyətinin təbliği sahəsində ilk tarixi hadisədir.Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən tədbir həm də uzaq Nigeriyada Azərbaycan musiqisinin və mədəniyyətinin ilk dəfə geniş kütləyə təqdimi ilə yadda qalıb. Laqosun Muson Musiqi Mərkəzində baş tutan tədbirdə Nigeriyada fəaliyyət göstərən 30-dan artıq ölkənin konsulluq və səfirliklərinin rəsmiləri iştirak edib.İtaliya, Polşa, Albaniya, Fransa, Mərakeş, Qaana və s dövlətlərdən 350-dən çox tamaşaçının iştirak etdiyi tədbirdə Əməkdar artist, Beynəlxalq müsabiqələr laureatı, tarzən Sahib Paşazadənin, Fransada fəaliyyət göstərən pianoçu Səidə Zülfüqarovanın, tenor Josef Oparamanukinin və alban əsilli İsveçrə vətəndaşı, soprano Teuta Nikolet-dit Feliksin klassik və xalq mahnılarımızı, eləcə də əcnəbi musiqiçilərin əsərlərini məharətlə ifa etmələri hamının zövqünü oxşayıb.Gecədə tarzən Sahib Paşazadə və Səidə Zülfüqarova Azərbaycan bəstəkarlarının əsərləri və muğam parçalarından ibarət musiqi nömrələri təqdim ediblər. Proqramda Ü.Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Həsən Rzayev, Vasif Adıgözəlov, Fərhad Bədəlbəylinin əsərləri, “Çahargah” və “Segah” muğamlarından parçalar, Avropa bəstəkarlarından nümunələr böyük maraq və alqışlarla qarşılanıb.Əməkdar artist Sahib Paşazadə səfər təəssüratlarını bölüşərkən bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş bu tədbir böyük təntənəsi ilə yadda qaldı.Tədbirdən sonra Azərbaycan mətbəxinin nümunələri, UNESCO-nun maddi mədəni irs siyahısına daxil edilən nümunələr və şirniyyatlarımız qonaqlara təqdim edildi. Bu tədbir təkcə Nigeriyada deyil, orada iştirak edən çoxsaylı dövlətlərə də təbliğ edilirdi desəm, yanılmaram. Cümhuriyyətimizin 100 illiyi , tariximiz, mədəniyyətimiz, xalça sənətimizin bir arada təbliği ölkəmizin nə qədər qədim bir tarixə malik olduğunu göstərməklə yanaşı həm də zəngin maddi mədəni irsimizin dünyada təbliği baxımından böyük əhəmiyyət kəsb edirdi.Tədbirdə səslənən Azərbaycan musiqisi yenə də öz sehri, əsrarəngliyi ilə Nigeriya dinləyicilərini heyran edə bildi. Belə ki, tədbirin növbəti günü Nigeriyanın rəsmiləri üçün ikinci konsert proqramı ilə çıxış etməyə dəvət edildik. Gözlənilməz təklif xoş oldu və Azərbaycan musiqilərindən ibarət ikinci konsert proqramını təqdim etdik. Tamaşaçılar musiqimizi böyük diqqət və sevgilərlə dinlədilər. Səfər təəssüratlarım müsbət və xoş anlarla yadda qaldı.Tədbirdə Azərbaycanın Dostları Təşkilatının sədri Billurə Bayramova çıxış edərək Cümhuriyyətin yaranmasının 100 illik yubileyinin respublikamızda və dünyanın müxtəlif ölkələrində geniş qeyd olunduğunu diqqətə çatdırdı. Tədbir iştirakçıları həmçinin Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş foto və video materiallardan ibarət sərgi ilə tanış olublar.

sia.az

Digər xəbərlər