Mədəniyyət

  • 6 385

Yaşar Nurinin anım günüdür

image

Bu gün xalq artisti Yaşar Nurinin ölüm ildönümüdür. SİA-nın məlumatına görə, Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə 11 yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olub. Bundan başqa O, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak etmişdir. Müxtəlif dram dərnəklərinə gedib, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış edib.10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib.Yaşar Nuri 1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət etmiş və institutun tədris teatrında aktyor işləyib. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustası olub. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın "Yollar görüşəndə...", "Ömrün yolları", İsi Məlikzadənin "Qatarda", Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz həkimi", Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında "Ac həriflər" və s. televiziya tamaşalarını misal göstərmək olar.Aktyor nəinki televiziya, həmçinin radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq etmiş, radioda "Sabahınız xeyir", "Gülüş axşamı" yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olmuşdur. "Azərbaycanfilm" kinostudiyasında isə saysız-hesabsız yerli filmləri səsləndirmiş, əcnəbi filmləri dublyaj edib.Yaşar Nuri cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, qroteskli, karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilibr. Səhnədə həmişə canlıdır, təravətlidir, dadlı-tamlıdır, ürəklərə yol tapıb.Aktyorun yubileyləri hər dəfə təntənəli şəkildə keçirilib. 1981-ci ildə 30 illik yubileyində o, ilk fəxri adını - əməkdar artist adını alıb. 1991-ci ildə 40 illik yubileyində ona "Yaramaz" filmindəki roluna görə Dövlət Mükafatı verilib. 1996-cı ildə 45 illiyinə həsr olunmuş "Səhnəmizin Yaşarı", 2001-ci ildə isə 50 illiyi ilə əlaqədar "Yaşar Olduğu kimi" sənədli filmləri çəkilmişdir. 2011-ci ildə Yaşar Nurinin 60 illik yubileyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təntənəli şəkildə qeyd olunub.Aktyor özünü həm kinoda, həm də teatrda rejissor kimi sınayıb. Teatrda İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" əsərinə quruluş verib, kinoda isə "Spasibo" filmini çəkib.Akademik Milli Dram Teatrında fəaliyyətə başladığı ilk illərdən Yaşara bir qayda olaraq xarakter rollar tapşırılıb. Səhnədə ilk rolu Aleksandr Vampilovun "Övlad" ("Böyük oğul") (28 dekabr, 1974) komediyasının tamaşasında Silva rolu olub. Bundan başqa o İlyas Əfəndiyevin "Bağlardan gələn səs" dramında Pərviz (1 oktyabr, 1975), Mirzə İbrahimovun Molyerinməşhur komediyası əsasında yazdığı "Bəşərin komediyası və yaxud Don Juan"da Sqanarel (6 mart, 1977), Əkrəm Əylislinin "Quşu uçan budaqlar" pyesində Qasım (29 oktyabr, 1978), Mehdi Məmmədovun təfsirindəki "Dəli yığıncağı" faciəsində Sərsəm Salman (6 may, 1978), Fuad və Zəminə Hacıyevlərin hazırladığı "Sevil"də Əbdüləli bəy(18 noyabr, 1978) obrazlarını yaradıb.Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərində vəfat edib.

sia.az

Digər xəbərlər