Mədəniyyət

  • 5 071

Musiqili Teatrının 108-ci mövsümü...

image

Azərbaycan Dövlət Musiqili Teatrının 108-ci mövsümü uğurlu və əlamətdar hadisələrlə yadda qalıb. İlboyu Musiqili Teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib. Bir sıra tamaşaların premyeraları olub, aktyorlar beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər, müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar.Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova SİA bildirib ki, ötən il tamaşaçıları teatra cəlb etmək üçün müasir dövrün tələblərinə uyğun şəkildə addımlar atılıb: “Musiqili Teatr dünyanın təqribən 20 ölkəsinin teatrlarının qatıldığı İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında “Ər və arvad” komediyasını təqdim edib. Təbriz Teatrının rəhbəri, aktyor və rejissor Babək Nəhreyn 2017-ci və 2018-ci illərin Novruz bayramı günlərində 2 il ardıcıl konsert proqramı ilə bizim səhnədə çıxış edib. Bakıda keçirilən İran Mədəniyyəti Günləri çərçivəsində Titovak Teatrının aktyorlarının iştirakı ilə “İlahi Komediya. Cəhənnəm” tamaşası nümayiş olunub. Ötən il teatrımız “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Sumqayıt Dövlət Dram Teatrının səhnəsində məşhur özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” ikihissəli komediyasını təqdim edərək mükafata layiq görülüb. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü şərəfinə təqdim etdiyimiz “Nuri-didə Ceyhun” (Ə.Əmirli) tamaşasında milli səhnəmizdə ilk dəfə Ceyhun Hacıbəyli obrazının canlandırılması, “Qodonun intizarında” (F.Qarayev, S.Bekket) absurd tamaşasının premyerasının nümayişi teatr aləmində böyük əks-səda doğurub”.Bundan başqa, sənət ocağında ssenarisi və quruluşu teatrın əməkdaşı Sevda Məmmədovaya məxsus olan “Əsarətdən cəsarətə” adlı tamaşa Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Cəzaçəkmiş qadınların cəmiyyətə qayıdışı” İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunan müsabiqədə qalib olub, Quba və Qusar rayonunda gənclər qarşısında nümayiş edilib”.Teatrın sözçüsü əlavə edib ki, hər zaman öz repertuarında uşaq tamaşalarına xüsusi yer ayıran Musiqili Teatr bu il də həmin ənənəyə sadiq qalıb: “Musiqili Teatr Yeni il bayramına görə, uşaqların tətil günlərində balaca tamaşaçılarımızın görüşünə Azərbaycan xalq nağılı “Cırtdan”ın motivləri əsasında gənc rejissor Ayla Osmanovanın quruluşunda hazırlanmış “Cırtdanın sərgüzəştləri” nağıl-pyesi ilə gəlib. Dekabrın 28-dən etibarən təqdim olunan tamaşanı balacalar yanvarın 6-dək izləyə biləcəklər”.Fəridə Aslanova teatrın gələnilki planlarından da söz açıb. Bildirib ki, növbəti ildə premyeraları nəzərdə tutulan “Balaca şahzadə”, “Çarəsiz sərnişinlər”, “Buratino” tamaşalarının ciddi məşqləri gedir.

sia.az

Digər xəbərlər