Mədəniyyət

  • 6 076

AMEA-da "Azərbaycanda qadınlar elmdə" mövzusunda tədbir keçirilib

image

Mərkəzi Elmi Kitabxanada (MEK) AMEA-nın Qadınlar Şurasının təşkilatçılığı ilə 11 Fevral – Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunan "Azərbaycanda qadınlar elmdə" mövzusunda tədbir keçirilib.

AMEA Rəyasət Heyətinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova, AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, o cümlədən elmi müəssisə və təşkilatların qadınlar şuralarının sədrləri və üzvləri iştirak ediblər.
İclası akademik Nərgiz Axundova açaraq tarixən ölkəmizdə gender bərabərliyinə xüsusi diqqət yetirildiyini, məhz Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verildiyini söyləyib. O, bu gün qadınların respublikanın ictimai həyatında, o cümlədən AMEA-nın fəaliyyətində aktiv iştirak etdiklərini, elmi, texnoloji yeniliklərə imza atdıqlarını bildirib.
Sonra şuranın sədri Rəna Mirzəzadə çıxış edərək BMT-nin Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnamə ilə bütün dünyada bu əlamətdar gününün qeyd olunduğunu vurğulayıb. O, qətnamənin qadınların elmə tam və bərabər çıxışını təmin etmək, həmçinin gender bərabərliyini qorumaq, onların hüquq və imkanlarını genişləndirmək məqsədilə qəbul edildiyini deyib.
O, bu gün AMEA-da qadınların elmi fəaliyyətinə xüsusi diqqət yetirildiyini və 2018-ci ildə Qadınlar Şurasının yaradıldığını xatırladıb.
Tədbirdə həmçinin professor Habil Qurbanov, Fəlsəfə İnstitutunun şöbə müdiri Rəfiqə Əzimova və digərləri çıxış edərək hazırda AMEA-da çalışan əməkdaşların 70 faizinin qadınlardan ibarət olduğunu söyləyib, gənclərin ləyaqətli və vətənə bağlı şəkildə yetişdirilməsinin önəminə toxunublar.
Sonra AMEA Qadınlar Şurasının Sosioloji qrup rəhbəri Mahrux Nəcəfli "Elmdə Beynəlxalq Qadın və Qızlar Günü haqqında", Mənəviyyat və elm bölməsinin rəhbəri Ziba Ağayeva "Azərbaycanda elm siyasəti", Gənclər və elm bölməsinin üzvü İlhamə Qəsəbova "Azərbaycan elmində ilklərə imza atmış qadınlar" mövzusunda məruzə ilə çıxış ediblər.

sia.az

Digər xəbərlər