Nəsiminin yubileyi Budapeştdə qeyd olunub

Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi haqqında müvafiq Sərəncamına əsasən Mədəniyyət Nazirliyi, Macarıstandakı səfirliyimiz, Azərbaycan Milli Kitabxanası və Budapeştdəki Yunus Əmrə İnstitutu ilə birlikdə aprelin 24-də Budapeştdə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, tədbir Yunus Əmrə İnstitutunun Budapeştdəki binasının foyesində Azərbaycan Milli Kitabxanasının fondlarında mühafizə olunan Nəsiminin əsərlərindən və onun haqqında ədəbiyyatdan ibarət geniş kitab sərgisinin nümayişi ilə açılıb.
Kitab sərgisinin açılışından sonra İmadəddin Nəsimi haqqında qısa sənədli filmin nümayişi olunub.
Yunus Əmrə İnstitutunun direktoru Yakub Gül Azərbaycan Nümayəndə heyətinin üzvlərini və bütün qonaqları salamlayaraq İmadəddin Nəsimi kimi böyük söz adamının və dahi şairin yubiley tədbirlərinə ev sahibliyi etdiyindən böyük şərəf duyduğunu söyləyib.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Macarıstandakı səfiri professor Vilayət Quliyev Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən respublikamızda və onun hüdudlarından kənarda “Nəsimi ili” çərçivəsində bir sıra tədbirlərin keçirildiyini söyləyib. O, böyük Azərbaycan şairi Nəsiminin ədəbiyyat tariximizdə tutduğu yerdən və mövqedən danışaraq onun bir filosof şair və sufilik təriqətinin ənənələrinin ideoloqlarından biri olduğunu xüsusilə vurğulayıb. Səfir İ.Nəsiminin Azərbaycanın Şamaxı bölgəsində doğularaq boya-başa çatdığını, bütün Şərqi, Anadolunu, Ərəbistanı gəzib dolaşaraq öz dərin fəlsəfi yüklü və insani ideyalarla zəngin poeziyası ilə hamının qəlbini riqqətə gətirdiyini, şeirlərinin Azərbaycan, Türkiyə, Şərqi Anadolu, İran və Suriyada dillər əzbəri olduğunu və hamı tərəfindən sevildiyini söyləyib. Professor Vilayət Quliyev çıxışında bildirib ki, dahi Nəsiminin 650 illik yubileyi tədbirinin məhz Yunus Əmrə İnstitutunda keçirilməsi təsadüfi xarakter daşımır. Burada macar türkoloqlarının iştirakı və maraqlı məruzələrlə çıxış etməsi də Azərbaycan və macar xalqları arasında dərin köklərə malik sıx əlaqələrin olmasına və bu ənənənin bu gün də hər iki ölkənin rəhbərlərinin səyləri ilə uğurla davam etdiyinə dəlalət edir.
Daha sonra çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev tədbirin keçirilməsinə şərait yaratdığı üçün Yunus Əmrə İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib. Bildirib ki, Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 600 illik yubileyi ilk dəfə hələ sovetlər birliyi dövründə 1973-cü ildə Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev tərəfindən keçirilib və bu yubiley tədbirləri nəinki Bakıda və bütün Azərbaycanda, hətta Moskvada və Parisdə UNESCO-nun qərargahında da təşkil olunub. Bütün bunlar Heydər Əliyevin Azərbaycan ədəbiyyatına, Azərbaycan mədəniyyətinə və onun görkəmli şəxsiyyətlərinə verdiyi böyük dəyərin bariz nümunəsi idi. Bu ənənənin uğurlu davamı olaraq ulu öndər Heydər Əliyevin yolunu ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il noyabrın15-də İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin geniş şəkildə və yüksək səviyyədə keçirilməsi barədə tarixi Sərəncam imzalayıb və bir qədər də irəli gedərək bütövlükdə 2019-cu ilin “Nəsimi ili” elan olunması barədə qərar verib.
Natiq qeyd edib ki, bütün bunlar müstəqil Azərbaycan Respublikasında mədəniyyətə, ədəbiyyata və onun görkəmli nümayəndələrinə, milli-mənəvi dəyərlərimizə verilən qiymətin və diqqətin nümunəsi hesab olunmalıdır. Vaqif Əliyev qeyd edib ki, bu gün Azərbaycanda, Macarıstan kimi ölkəmizə dost olan bütün ölkələrdə, Parisdə UNESCO çərçivəsində Nəsiminin yubileyi ilə əlaqədar çoxlu sayda tədbirlər keçirilir, dahi şairimiz yad edilir: “Bu kimi tədbirlər və burada türk və macar türkoloq alimlərinin iştirakı bizləri biri-birimizə daha da yaxınlaşdırır, ədəbiyyatlarımızın və ənənələrimizin inteqrasiyasına böyük yol açır”.
Macarıstanın Türkiyədəki keçmiş səfiri, Türk Şurasının Macarıstan ofisinin rəhbəri, türkoloq-alim Yanoş Hovari türk dünyasının ortaq mədəniyyətinin və ədəbiyyatının təbliğində belə yubiley tədbirlərinin xarici ölkələrdə keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyinə diqqət çəkərək, xüsusilə 70 illik sovet dönəmində qardaş cümhuriyyətlərimizin ədəbiyyatından xəbərsiz olduqlarından indi bu işi çox sürətlə görməyin vacib olduğunu vurğulayaraq belə tədbirləri ürəkdən alqışladığını bildirib.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov öz çıxışında görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin əsərlərinin nəşrindən və onun əlyazmalarının yayılma arealından danışaraq bildirib ki, Nəsiminin əsərləri dünya miqyasında çox az nəşr olunmuşdur və bu da keçmiş sovet dövlətinin ideoloji və antimilli siyasəti ilə əlaqədar idi. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox ciddi cəhdləri nəticəsində 1973-cü illərdə Nəsiminin 600 illik yubileyinin keçirilməsi çərçivəsində böyük şairin əsərləri nəşr olunub, haqqında kitablar yazılıb, tammetrajlı və qısametrajlı sənədli filmlər çəkilib, rayonlara, küçələrə, məktəblərə, mədəniyyət ocaqlarına adı verilib, heykəli ucaldılıb: “Nəsimi yaradıcılığına ikinci nəfəs 2018-2019-cu illərdə gəlib. 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə tarixdə ilk dəfə olaraq Beynəlxalq Nəsimi Festivalı keçirilib, dünyanın 10-larla ölkəsindən gələn nəsimişünas alimlərin iştirakı ilə elmi konfranslar, simpoziumlar, kitab təqdimatları və sərgiləri keçirilib. Həmin ilin noyabrın 15 -də Azərbaycan Prezidenti Nəsiminin 650 illik yubileyinin keçirilməsi barədə Sərəncam imzalayıb və 2019-cu il yanvarın 15-də ölkə başçısının digər müvafiq Sərəncamı ilə 2019-cu ili bütövlükdə “Nəsimi ili” elan edilib ki, məhz bu tədbirlər də həmin sərəncamlara əsasən keçirilir. Ölkə başçısının Sərəncamı ilə Nəsiminin 2-cildlik “Seçilmiş əsərləri” 2 dəfə - 2004-cü və 2013-cü illərdə 25 min tirajla çap olunub. “Nəsimi ili”ndən də bizlərə cild-cild yeni yazılacaq və çap olunacaq kitablar qalacaqdır. Cəsarətlə demək olar ki, böyük Nəsimi yaradıcılığı öz ömrünün ikinci baharını yaşamaqdadır”.
Kərim Tahirov bildirib ki, Nəsimi Azərbaycanda doğulub boya-başa çatsa da, Türkiyə, Anadolu, İran və Suriyada da yaşamışdır və ona görə də onun əlyazmaları bu arealda daha çox yayılaraq dillər əzbəri olub. Tədqiqatlar nəticəsində məlum olub ki, hazırda dünya kitabxanalarının və muzeylərinin fondlarında Nəsiminin 50-dən artıq əlyazmaları saxlanılır. Hazırda Azərbaycan Milli Kitabxanası Mədəniyyət Nazirliyi ilə birlikdə, ilk növbədə, Nəsiminin dünya kitabxanalarında saxlanılan əlyazmalarının və sonrakı illərdə isə digər görkəmli şairlərimizin əlyazmalarının digital surətlərinin Azərbaycan Milli Kitabxanasına toplanması layihəsi üzərində işləyir. Eyni zamanda, Milli Kitabxana 2005-ci ildən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından fundamental biblioqrafiyalar nəşr edir. Bu ilin sonunda İmadəddin Nəsimiyə həsr olunmuş biblioqrafiya da nəşr olunacaqdır.
Tədbirdə Türkiyə Cümhuriyyətinin Macarıstandakı səfiri Əhməd Akif Oktay da iştirak edib.
Tədbirin bədii hissəsində “Nəsimi” tammetrajlı bədii filmindən fraqmentlər göstərilib, türkiyəli və Azərbaycanlı ifaçılar tərəfindən Nəsiminin şeirləri və şeirlərinə yazılmış musiqilər ifa olunub.
Tədbirin sonunda Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev yekun sözü olaraq bütün iştirakçılara və xüsusilə Azərbaycandan gələn nümayəndə heyətinin üzvlərinə, Türkiyənin Macarıstandakı səfirliyinə, Yunus Əmrə İnstitutunun rəhbərliyinə öz təşəkkürünü bildirib.

yap.org.az