Mədəniyyət

  • 7 774

Gədəbəydə ilk dəfə Milli Yaylaq Festivalı keçirilir

image

Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə bu gün ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Festivalı keçirilir. SİA-ın bölgə müxbiri xəbər verir ki, festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə tərəfdaşlığı ilə təşkil olunur.Festivalın keçirilməsində Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə yanaşı, digər dövlət qurumları da tərəfdaşlar sırasındadır.Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd–Miskinli yaylağında, unikal konsepsiya əsasında keçirilən Milli Yaylaq Festivalına yerli iştirakçılar və turistlərlə yanaşı, xarici ölkələrdən çoxsaylı fəxri qonaqlar da qatılıb.Miskinli yaylağında orijinal üslubda salınan “Yaylaq yurdu” adlı etno-qəsəbədə yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, cıdır meydanı, yaylaq (kənd təsərrüfatı) bazarı, sənətkarlıq guşəsi, “Dədə Qorqud” ocağı (tamaşaçılar üçün səhnə), yaylaq yatağı (ev heyvanları üçün yerlər), pəhləvan meydanı, “Aşıq Ələsgər” ocağı, yaylaq süfrəsi və digər tematik sahələr yaradılıb.Milli Yaylaq Festivalı şərti olaraq mədəni–etnoqrafik, milli yaylaq (idman) oyunları, eko–etnoturizm adlı 3 hissədən ibarət olacaq.Mədəni–etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər (yallılar, cəngilər), xalq mahnıları, müxtəlif xalq səhnələri və tamaşaları, əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq–aşıq, molla mindi) təşkil olunacaq, yaylaq kulinariya nümunələri (odun üzərində bişən xörəklər - dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və sair) təqdim ediləcək.Tətbiqi sənət nümunələrinin nümayişi və satış–sərgisi təşkil olunacaq. Qoçların, qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi müsabiqəsi keçiriləcək. Yaylaq və spesifik kənd təsərrüfatı mallarının yarmarkası fəaliyyət göstərəcək. Festival müddətində ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların mədəni proqramları və nümunəvi çıxışları da maraqla qarşılanacaq.Festivalın milli yaylaq (idman) oyunları şərti adı altında keçirilən hissəsində qədim kökə söykənən yorğa at yarışları (müxtəlif məsafə və kateqoriyalarda), milli güləş yarışı, çaparaq at yarışları, çoban güləşi (kəmər güləşi), nümunəvi çıxışlar, atüstü milli oyunlar – Çövkən, Baharbənd, Sürpapaq, Piyalə, Ər endir (atüstü güləş), Gərdək qaçırmaq, Zorxana, Kəndirbazlıq və ox atma təşkil olunacaq.Yaylaq festivalının eko–etnoturizm hissəsində isə turistlər üçün köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda qalmaq imkanı yaradılacaq.Şərti olaraq XVIII əsrin ənənəvi yaylağına səyahət də təşkil ediləcək. Belə ki, burada turistlər gün ərzində adi kənd həyatını yaşayacaqlar. Yəni, inək, qoyun-keçi otaracaq, onları sağacaq, ot biçəcək, taya düzəldəcək, atlara qulluq edəcək, nehrə çalacaq, tətbiqi sənətlə məşğul olacaq, milli xörəklərdən bişirəcək və dəyədə gecələyəcəklər. Həmçinin bölgənin məşhur yerlərinə - Koroğlu qalası, Mahrasa məbədi, Qız qalası və digər məkanlara turlar, at gəzintiləri, “Alman izləri” adlı xüsusi ekskursiyalar təşkil olunacaq.Festival iyulun 28-dək davam edəcək.

sia.az

Digər xəbərlər