Mədəniyyət

  • 6 618

Milli Yaylaq Festivalı yaddaşlarda silinməz izlər qoydu

image

Xəbər verdiyimiz kimi, Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-da ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Festivalına start verildi. SİA-nın məlumatına görə, iyulun 28-dək davam edən festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə keçirildi.Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında, unikal konsepsiya əsasında təşkil olunan Milli Yaylaq Festivalına təşkilatçı və tərəfdaş qurumların rəhbər şəxsləri, dövlət və hökumət rəsmiləri, diplomatlar, 16 ölkədən nümayəndələr, o cümlədən Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, eləcə də yerli və xarici turistlər qatıldı.Qeyd edək ki, Milli Yaylaq Festivalı günlərində mədəni–etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər (yallılar, cəngilər), xalq mahnıları, müxtəlif xalq səhnələri və tamaşaları, əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq–aşıq, molla mindi) təşkil olundu, yaylaq kulinariya nümunələri (odun üzərində bişən xörəklər - dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və sair) təqdim ediləcək. Həmçinin tətbiqi sənət nümunələrinin nümayişi və satış–sərgisi təşkil olunacaq. Qoçların, qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi müsabiqəsi keçiriləcək. Yaylaq və spesifik kənd təsərrüfatı mallarının yarmarkası fəaliyyət göstərdi. Festival müddətində ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların mədəni proqramları və nümunəvi çıxışları da maraqla qarşılandı.Festivalın milli yaylaq (idman) oyunları şərti adı altında keçirilən hissəsində qədim kökə söykənən yorğa at yarışları (müxtəlif məsafə və kateqoriyalarda), milli güləş yarışı, çaparaq at yarışları, çoban güləşi (kəmər güləşi), nümunəvi çıxışlar, atüstü milli oyunlar – Çövkən, Baharbənd, Sürpapaq, Piyalə, Ər endir (atüstü güləş), Gərdək qaçırmaq, Zorxana, Kəndirbazlıq və ox atma təşkil olundu.Qeyd edək ki, Yaylaq Festivalının eko–etnoturizm hissəsində isə turistlər üçün köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda qalmaq imkanı yaradımişdır. Şərti olaraq XVIII əsrin ənənəvi yaylağına səyahət də təşkil edildi. Belə ki, burada turistlər gün ərzində adi kənd həyatını yaşadılar. Yəni, inək, qoyun-keçi otarıldı, onlar sağıldı, ot biçildi, taya düzəldildi, atlara qulluq olundu, nehrə çalındı, tətbiqi sənətlə məşğul olundu, milli xörəklər bişirildi. Həmçinin, bölgənin məşhur yerlərinə - Koroğlu qalası, Mahrasa məbədi, Qız qalası və digər məkanlara turlar, at gəzintiləri, “Alman izləri” adlı xüsusi ekskursiyalar təşkil olundu.Bütün bu sadalananlar qonaqların yaddaşında silinməz izlər qoydu. Bu festivalın bundan sonra da uğurla keçirləcəyi gözlənilir.

sia.az

Digər xəbərlər