Ölkəmiz Daşkənddə festivalda təmsil olunub

Daşkənddəki Dünya Dilləri Universitetinin nəzdindəki Akademik Liseydə “Xalqların mətbəxi və adət-ənənələri” adlı festivalı keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, tədbirə Özbəkistanda fəaliyyət göstərən səfirliklər və mədəniyyət mərkəzləri qatılıb. İştirakçılar öz ölkələrinin tarixi, mədəniyyəti, milli mətbəxini təbliğ ediblər.Ölkəmizi bu tədbirdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.Azərbaycan üçün ayrılan guşədə ölkəmizin bayrağı, dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlarla əlaqədar kitablar nümayiş olunub. Nəşrlər arasında ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı, ədəbiyyatına dair AMM-nin özbək dilində Daşkənddə çap etdirdiyi çoxsaylı nəşrlər, habelə ölkəmizin təbliğinə dair Heydər Əliyev Fondu tərəfindən çap olunan kitablar da yer alıb.Azərbaycanın mənzərələrini əks etdirən tablolar, suvenirlər, milli mətbəximizin nümunələri guşəyə gələnlərin diqqətini cəlb edib.Mədəniyyət Mərkəzinin əməkdaşı Kifayət Pirməmmədova ziyarətçilərə ölkəmizin tarixi barədə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqda məlumat verib, Azərbaycan-Özbəkistan dostluğundan danışıb və onları Azərbaycan mətbəxinin ləziz yeməklərinə və şirniyyatlarına qonaq edib.Mərkəzin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib.Sonda festivalda aktiv iştirak edənlərə diplomlar təqdim edilib. Diplom alanlar arasında AMM-də olub.

sia.az