İqtisadiyyat

  • 4 685

Azərbaycanın xarici ticarət dövriyyəsinin 39 faizi Avropa İttifaqı ölkələrinin payına düşür

image

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 98 ölkəyə məhsul ixrac olunub, 166 ölkədən idxal olunub.Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla cari ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 10 milyard 692,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 7 milyard 283,1 milyon dollar, idxalın dəyəri 3 milyard 409,7 milyon dollar təşkil edib, nəticədə 3 milyard 873,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,8 faiz artıb, real ifadədə isə 16,4 faiz, o cümlədən ixrac 8,6 faiz, idxal 28,6 faiz azalıb.Ticarət dövriyyəsinin 39,0 faizi Avropa İttifaqı ölkələri, 13,6 faizi MDB üzvü dövlətləri, 47,4 faizi isə dünyanın digər ölkələrinin payına düşüb. İxracın dəyərinin 23,1 faizi İtaliyaya, 11,7 faizi Türkiyəyə, 6,5 faizi Çinə, 5,5 faizi Rusiyaya, 5,0 faizi Portuqaliyaya, 4,5 faizi Gürcüstana, 4,0 faizi İsrailə, 3,8 faizi Kanadaya, 3,7 faizi Almaniyaya, 3,3 faizi Hindistana, hər biri 3,2 faiz olmaqla Tayvan (Çinin əyaləti) və Çexiyaya, qalan 22,5 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.İdxal olunmuş məhsulların dəyərinin 19,4 faizi Rusiyanın, 16,8 faizi Türkiyənin, 9,8 faizi Çinin, 5,0 faizi Almaniyanın, 4,7 faizi Ukraynanın, 4,4 faizi ABŞ-ın, 4,0 faizi İtaliyanın, 3,7 faizi İranın, 3,3 faizi Birləşmiş Krallığın, 1,9 faizi Fransanın, hər biri 1,8 faiz olmaqla Qazaxıstan və Belarusun, 23,4 faizi isə digər ölkələrin payına düşüb.
AZƏRTAC

Digər xəbərlər