İqtisadiyyat

  • 5 515

Vüqar Bayramov: 2017-ci ilin doqquz ayının yekunu növbəti illər üçün nikbinlik formalaşdırır

image

«2017-ci ilin doqquz ayının yekunlarına diqqət yetirsək görərik ki, ən pozitiv məqamlardan biri qeyri-neft sektorundakı artım tempinin qorunub saxlanılmasıdır. Bu, əslində, çox vacibdir». Bu fikirləri yap.org.az saytına İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, iqtisadiyyatın xüsusən də qeyri-neft sektoru üzərində formalaşması və bu sektordakı artım hesabına inkişafı dayanıqlılıq baxımından çox vacibdir. Onun sözlərinə görə, üç rübün yekunları göstərir ki, doqquz ayda Azərbaycanda qeyri-neft sektoru 3,1, aqrar sektor 2,8 faiz, xarici ticarət dövriyyəsi isə 7 faiz artıb: «Diqqət çəkən əsas məqamlardan biri məhz Azərbaycanın valyuta ehtiyatlarının artmasıdır. Bu artım tempinin davam etməsi isə Azərbaycanın valyuta ehtiyat strukturunun keyfiyyətli olması deməkdir. Valyuta ehtiyatlarının 4,5 milyard dollar artması neftin dünya bazar qiymətinin aşağı olduğu və neft satışından gəlirlərimizin azaldığı bir dövrdə müsbət haldır. Bu həm də iqtisadiyyatın maliyyə təminatı baxımından vacibdir. Nəzərə alsaq ki, 2018-ci il ölkə Prezidenti tərəfindən daha sürətli iqtisadi artımın bərpa ediləcəyi il kimi elan olunub. Bu kontekstdə valyuta ehtiyatlarımızdakı artım tempinin qorunub saxlanılması və ölkənin daha çox valyuta ehtiyatlarına malik olması çox mühümdür. Valyuta ehtiyatlarının artması həm də büdcə konsultasiyası siyasətinin davam etdirilməsi ilə bağlı idi ki, bu da vacib islahatlardan biridir. Bu, xərclərin yeni gəlirlərə, bütövlükdə neftin dünya bazar qiymətinin yeni səviyyəsinə uyğunlaşdırılması və iqtisadiyyatın yeni transformasiya dövrünün həyata keçirilməsi ilə bağlıdır. Bu ondan xəbər verir ki, iqtisadiyyatın yeni qiymətə uyğunlaşması prosesi uğurla başa çatır və artıq Azərbaycan iqtisadiyyatının xərclər və gəlirlərinin uyğunlaşdırılması müşahidə edilməkdədir».
İqtisadçı-ekspertin fikrincə, 2017-ci ilin doqquz ayının yekunu növbəti illər üçün nikbinlik formalaşdırır. V.Bayramov qeyd edib ki, qeyri-neft sektorundakı artım tempi növbəti illərdə neftdən asılılığın aradan qaldırılması üçün zəmin formalaşdıracaq.
«Üstəlik, 2018-ci ildə Bakı-Tiflis-Qars dəmiryolu, 2019-cu ildə TAP və TANAP layihəsi istifadəyə veriləcək. Bu fonda Azərbaycan praktik olaraq dövlət gəlirlərinin artımı baxımından gələn ildən yeni mərhələyə qədəm qoymaq imkanlarına malikdir. Beynəlxalq maliyyə qurumları 2019-cu ildə Azərbaycan iqtisadiyyatının təxminən 4 faizə yaxın artacağını proqnozlaşdırırlar. Bu da ondan xəbər verir ki, 2017-ci ildəki stabillik həm də növbəti illərdə iqtisadi artımın bərpa edilməsinə zəmin yaradır»- deyə, V.Bayramov qeyd edib.

yap.org.az

Digər xəbərlər