Ziyad Səmədzadə: Azərbaycan 2017-ci ilin 9 ayını müsbət sosial-iqtisadi inkişaf göstəriciləri ilə başa vurub

«Azərbaycan 2017-ci ilin 9 ayını müsbət sosial-iqtisadi inkişaf göstəriciləri ilə başa vurub». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, bu dövrdə ölkədə qeyri-neft iqtisadiyyatı 2,5 faiz artıb. Ən yaxşı göstəricilərdən biri 3,1 faiz olmaqla qeyri-neft sənayesində və 2,8 faiz olmaqla aqrar sektorda qeydə alınıb. Ötən 9 ayda respublikamızın strateji valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb.
«Qeyd olunan statistik göstəricilər qlobal miqyasda yaşanan çətinliklərə baxmayaraq, Azərbaycanda inkişaf üçün münbit zəmin olduğuna dəlalət edir. Respublikamızın sadalanan uğurları dünyadakı mənzərə ilə müqayisədə kəskin təzad təşkil edir və istənilən ölkə bu göstəriciləri arzulaya bilər. Bəs xarici mənfi təsirlərin artdığı indiki dövrdə Azərbaycan inkişafın ardıcıllığını təmin etməyə necə nail olub? Birmənalı şəkildə demək mümkündür ki, respublikamızın indiki şəraitdə də uğurlar qazanmasının əsasında yeni iqtisadi modelə keçidin uğurla təmin edilməsi amili dayanır. Neftin aşağı qiymətləri dönəmində milli iqtisadiyyatımızda böhran meyillərinin uğurla dəf olunması və neftdənkənar sahələrin üstün inkişafının təmin edilməsi baxımından Prezident İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən ayrı-ayrı istiqamətlər üzrə həyata keçirilən islahatlar böyük aktuallıq daşıyır. İnstitusional sahə də daxil olmaqla müxtəlif istiqamətləri əhatə edən islahatlar, o cümlədən Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi və onun 11 sektoru üzrə strateji yol xəritələri yaxın, orta və uzunmüddətli dövrlərdə ölkəmizin hərtərəfli inkişafına hesablanıb»- deyə, komitə sədri vurğulayıb.

yap.org.az