İqtisadiyyat

  • 3 466

Azərbaycanın 2 milyard ton neft hasil etməsi “Azəriqaz”da qeyd edilib

image

Ölkəmizin 2 milyard ton neft hasil etməsi “Azəriqaz” İstehsalat Birliyində (İB) də qeyd olunub. Birlikdən AZƏRTAC-a bildirilib ki, İB-nin baş direktorunun ümumi məsələlər üzrə müavini Şəfiq Nemətov bütün kollektivi bu əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, 1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan Neft Daşlarında vuran fontan dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoyub və Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlayıb.Ş.Nemətov qeyd edib ki, Azərbaycanın adı dünya neft sənayesi tarixində, beynəlxalq ictimai dairələrdə 1994-cü ildə nüfuzlu xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra daha geniş əks-səda doğurub. Azərbaycanın müasir yüksəliş dövrü də elə həmin vaxt - xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış yeni neft strategiyasının uğurları ilə başlanıb. Bunun əsasında şanlı əmək ənənələrinə sadiq qalan neftçilərimizin nailiyyətlərinin nəticəsində bu gün artıq SOCAR tərəfindən hasil edilən neft 2 milyard tona çatdırılıb. O, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng layihələrin gerçəkləşməsinin, respublikamızın ümumilikdə Avropa regionunun gələcək enerji təhlükəsizliyi missiyasını üzərinə götürməsinin xalqımızın dünya arenasında layiqli yerini təmin etdiyini vurğulayıb.Birliyin texniki istismar şöbəsinin mühəndisi Qulam Camalovda qeyd edib ki, Azərbaycanda neftin hasilatı orta əsrlər zamanında mövcud olsa da, ilk dəfə olaraq 1846-cı ildə Bibiheybətdə sənaye üsulu ilə 21 metr dərinlikdə kəşfiyyat quyusu qazılıb və müsbət nəticə verib. Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı XIX əsrin ortalarından başlanmış və dünyada ilk dəfə olaraq 1847-ci ildə Bibiheybətdə, sonra isə Balaxanıda texnikanın tətbiqi ilə ilk neft quyuları qazılıb.XX əsrdə neft sahəsində əldə edilən uğurlardan danışan Q.Camalov tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, 1971-ci il martın 28-də Azərbaycanda milyardıncı (1 milyard) ton neft çıxarılıb. 1994-cü ildə “Əsrin müqaviləsi” bağlanandan sonra keçən müddət ərzində Azərbaycan bu müqavilədən geniş bəhrələnib. Ölkənin beynəlxalq aləmdə nüfuzu xeyli artıb, etibarlı tərəfdaş imici tam olaraq formalaşdı və əsas faktorlardan biri kimi, Azərbaycan zəngin məmləkətlərdən birinə çevrilib. Bütün sahələr üzrə sürətli inkişaf tempi indi də saxlanılır. Dövlət quruculuğunun bütün istiqamətləri üzrə demokratik islahatlar durmadan davam edir.Sonda bu əlamətdar gün münasibətilə əmək fəaliyyətində fərqlənən 28 nəfər mühəndis və texniki əməkdaşa fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.

sia.az

Digər xəbərlər