İqtisadiyyat

  • 2 977

Azərbaycan "Dubai Airshow 2017" beynəlxalq aviasiya sərgisində iştirak edir

image

Dubayda ən böyük beynəlxalq aviasiya sərgisi olan "Dubai Airshow 2017" işə başlayıb. Sərgi çərçivəsində dünyanın 60-dan çox ölkəsindən 1200-dən artıq eksponat, 160-dan çox müasir təyyarə nümayiş etdiriləcək, habelə kosmos üzrə, aeroport və pilotsuz uçuş aparatları ilə bağlı məsələlərə dair konfranslar keçiriləcək. Sərgidə 72 min 500-dən çox mütəxəssis və ziyarətçi olacaq. "Dubai Airshow" sərgisi mülki və hərbi aviasiya sənayesində mühüm hadisədir.

Azərbaycanı bu nüfuzlu aviasiya sərgisində fövqəladə hallar naziri Kəmaləddin Heydərov, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov, müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov, "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov və ölkəmizin Dubaydakı baş konsulu Pərviz İsmayılzadədən ibarət nümayəndə heyəti təmsil edir.
Tədbirdə mülki, hərbi və ümumi təyinatlı aviasiya, kosmik texnika, biznes, təyyarədə təhlükəsizlik, yük aviadaşımaları, aeroportlar üçün həllər, HHV, HHM silahları və hərbi texnikası, texnologiya və aviasiya sənayesində texnologiyalar üzrə pavilyonlar yaradılıb.
Tədbir çərçivəsində aeroport məsələlərinə həsr edilən "AirportSolutions 2017" adlı ayrıca sərgi keçiriləcək.
Bu il sərgi iştirakçılarını, həmçinin müxtəlif tədbirlər, o cümlədən müasir uçuş texnikasının gücünü və bacarığını nümayiş etdirən parlaq aviaşou, pilotaj qruplarının çıxışları və mütəxəssislərə sənayenin aktual məsələlərini müzakirə etməyə, perspektivli razılaşmalara nail olmağa və qarşılıqlı səmərəli tərəfdaşlıq münasibətləri qurmağa imkan verən beynəlxalq konfranslar, "dəyirmi masa"lar, forum və seminarlar gözləyir.
Aviasalon öz işini noyabrın 16-dək davam etdirəcək.

yap.org.az

Digər xəbərlər