İqtisadiyyat

  • 3 271

Daha 151 dövlət əmlakı hərraca çıxarılacaq

image

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dekabrın 12-də növbəti hərrac keçiriləcək.Komitədən SİA-ya verilən məlumata görə, hərraca ümumilikdə 151 dövlət əmlakı çıxarılacaq. Bunlardan 19-u səhmdar cəmiyyəti, 70-i kiçik dövlət müəssisə və obyekti, 62-i istifadəsiz qeyri-yaşayış sahəsidir.Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Sabirabad, Yevlax, Salyan, Mingəçevir, Ucar və digər şəhər və rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Balakəndə yerləşən Əmlak kompleksi, Mingəçevirdə olan Quşçuluq yardımçı təsərrüfatı, İmişli rayonundakı avtoqaraj kimi iri dövlət əmlakları var.Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin 10-a yaxını sənaye, 20-dən çoxu xidmət, 10-a yaxını təmir-tikinti, qalanları isə digər sahələrə aiddir.Prosesdə fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Şəki istirahət zonasını nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün iaşə sahəsində yaxşı qazanc deməkdir. Belə müəssisələrin fəaliyyətinin yenidən bərpası xidmət sahəsinin genişlənməsinə imkan yaradır.Bundan başqa, tikiş fabrikinin Ucar filialı da sənaye sahəsində investorlar üçün gəlirli obyektdir. Adı çəkilən əmlakın digər üstünlüyü torpaq sahəsi ilə birgə özəlləşdirilməsidir.Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 48-i paytaxtda, qalanları isə Sumqayıt şəhərində, Siyəzən, Zərdab rayonlarında yerləşir. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 14 kv.m ilə 547 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Azinterservis”, “Bərdə Kərpic”, “Oğuz Kəndkimya”, “Çatal Broyler”, “Azərmetalinvest”, “Kürdəmir Kəndkimya Təchizat”, “Kürdəmir Quşçuluq” kimi səhmdar cəmiyyətlər var. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Azinterservis” Açıq Səhmdar Cəmiyyətidir.

sia.az

Digər xəbərlər