Azərbaycan iqtisadiyyatı Küveyt mətbuatında

Küveytdə həftəlik ingilis dilində nəşr olunan və böyük oxucu auditoriyasına malik “The Times Kuwait” qəzetinin 12-18 noyabr tarixli buraxılışında “Azərbaycan son iqtisadi islahatlardan nəticələr əldə edir” sərlövhəli məqalə dərc edilib.Azərbaycanın Küveytdəki Səfirliyindən SİA-ya verilən məlumata görə, məqalədə Azərbaycanda son illərdə uğurlu iqtisadi islahatların aparılması nəticəsində Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycanın bu il iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə qalxdığı və öz reytinqini daha da yaxşılaşdırdığı bildirilib.Strateji yol xəritələrinin icrasının başlandığından sonra Bakıda və Azərbaycanın digər böyük şəhərlərində böyük tikinti, infrastruktur layihələrinin həyata keçirildiyi və sənaye zonalarının yaradıldığı, ölkədə sənaye istehsalı və kənd təsərrüfatının inkişafı ilə yanaşı, sahibkarlığın inkişafının da əhəmiyyətli dərəcədə artdığı, investisiyanın təşviqi mexanizminin həyata keçirildiyi və 200-dən çox investisiyanın təşviqi ilə bağlı sənədlərin verildiyi, bu layihə çərçivəsində ölkəmizə özəl sektor tərəfindən 1,7 milyard manat həcmində investisiyalar qoyulacağı, habelə Azərbaycanda mövcud ictimai və siyasi sabitliyin, xalq və hökumət arasında birliyin yerli investisiyaların iqtisadi sahəyə cəlb edilməsinə təkan verdiyi, həmçinin ölkədə əlverişli investisiya mühitinin xarici və yerli investorların Azərbaycanın gələcəyinə inam və etimadını artıraraq, ilin ilk 9 ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə yatırıldığı və bunun çox hissəsinin xarici investisiyalar olduğu bildirilmişdir .Bununla yanaşı, doqquz ayda Azərbaycanın iqtisadi göstəricilərinin çox müsbət olduğu, son illərdə aparılan siyasət nəticəsində qeyri-neft iqtisadiyyatının 2,5 faiz artığı, bunun qeyri-neft iqtisadiyyatının uğurlu islahatlarının göstəricisi olduğu, ölkə iqtisadiyyatının şaxələndirilməsinin uğurla həyata keçirildiyi, ilin əvvəlindən valyuta ehtiyatlarının 4,5 milyard dollar və xarici ticarət dövriyyəsinin 7 % artdığı qeyd olunub.Həmçinin məqalədə, Azərbaycanda qeyri-neft sektorunun sənaye hissəsinin də uğurla inkişaf etdiyi qeyd olunaraq, qeyri-neft sənayesinin 9 ayda 3,1 % artdığı, eyni zamanda son illər kənd təsərrüfatında çox böyük inkişafın olduğu, bu sahəyə böyük investisiyalar qoyulduğu, kənd təsərrüfatının hərtərəfli inkişafının dövlət prioriteti olduğu və kənd təsərrüfatı sahəsinin 2,8 % artdığı, suvarlanmamış və zəif suvarlanmış 150 min hektar torpaqların suvarlanması üçün 2017-ci ilin əvvəlində yeni suvarma sistemlərinin qurulduğu oxucuların diqqətinə çatdırılıb.Bundan əlavə, məqalədə bu il Azərbaycanda neft-qaz sektorunda çox əlamətdar hadisələrin baş verdiyi, xüsusilə, neft sektorunda “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontrakt imzalandığı və bu yatağın ölkəyə daha böyük faydalar gətirəcəyi, habelə bir neçə qaz kəməri layihələri - Cənubi Qafqaz kəməri, “Şahdəniz-2” layihəsi və TANAP layihəsinin uğurlu icrasının təmin edildiyi və yaxın zamanda başa çatdırılacağı bildirilib.Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, Qazaxıstan Respublikasının Baş naziri Bakitzan Saqintayev, Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslərin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən açıldığı, bu yeni dəmiryolunun Avropa ilə Asiya arasında səmərəli iqtisadi və ticari əlaqələrin yaranmasına dəstək olacağı və bunun Azərbaycana daha çox iqtisadi mənfəət və fayda gətirəcəyi qeyd olunub.

sia.az