İqtisadiyyat

  • 3 620

Azərbaycan metrologiyanın inkişafı ilə bağlı Avropa İttifaqı ilə mühüm layihələr həyata keçirir

image

Qeyri-neft sektorunun inkişafının, ixrac potensialının artırılmasının əsas alətlərindən biri olan keyfiyyət infrastrukturunun, xüsusilə metrologiya sahəsinin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır.AZƏRTAC xəbər verir ki, bu sözləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədrinin müavini Niyazi Rəhimov noyabrın 14-də Bakıda komitənin Almaniyanın Fiziki-Texniki İnstitutu (PTB) və Çexiya Metrologiya İnstitutunun tərəfdaşlığı ilə “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” “Tvinning” layihəsi çərçivəsində keçirilən “Qanunverici Metrologiya” üzrə konfransda bildirib.Sədr müavini qeyd edib ki, bu istiqamətdə komitə Avropa İttifaqı ilə onun "Tvinning" və "Taieks" proqramları çərçivəsində uzun illərdir ki, uğurla əməkdaşlıq edir. Hazırda icra olunan layihələrin məqsədi də Azərbaycanda metrologiya sisteminin təşkilati idarəetmə və planlaşdırılmasının Avropa İttifaqı və beynəlxalq təcrübəyə uyğun olaraq inkişaf etdirilməsi, metrologiya sahəsində hüquqi və tənzimləyici sənədlərin Avropa İttifaqı və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın tələbləri ilə uyğunlaşdırılması, texniki bazanın təkmilləşdirilməsi və metrologiya sisteminin inkişafı vasitəsilə Azərbaycanın dünya bazarına çıxışının dəstəklənməsidir.Niyazi Rəhimov konfrans iştirakçılarının nəzərinə çatdırıb ki, Azərbaycanda qeyri-neft ixrac potensialının genişləndirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq keçirilən sınaqların, kalibrləmə nəticələrinin, həmçinin verilən sertifikatların tanınması istiqamətində komitə tərəfindən tədbirlər görülür.Bundan başqa, Milli Etalon Mərkəzində fəaliyyət göstərən etalon laboratoriyalarının beynəlxalq miqyasda tanınması ilə bağlı müvafiq prosedurlar icra olunur. Hazırda ölkəmizdə dövlət etalonlarının saxlanıldığı və ölçmələrin izlənməsini həyata keçirən 7 laboratoriya fəaliyyət göstərir. Yaxın zamanda bu laboratoriyaların sayının 20-dək artırılması planlaşdırılır.Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka təmsil etdiyi ölkə ilə Azərbaycan arasında həm ikitərəfli, həm də müxtəlif layihələr çərçivəsində əməkdaşlıq ənənələrindən məmnunluğunu ifadə edib. Xüsusilə Çex Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın önəmini qeyd edən səfir “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” adlı “Tvinning” layihəsinin rolunu da vurğulayıb.Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Qanunverici metrologiya şöbəsinin müdiri Oqtay Abbasov ölçmələrin vəhdətinin təmin edilməsi ilə bağlı milli qanunvericilik barədə geniş məlumat verib.Konfransda Almaniya və Çexiyanın metrologiya üzrə mütəxəssisləri tərəfindən “Ölçmə vasitələrinə dair Avropa qanunvericiliyinin prinsipləri”, “Ölçmə vasitələrinə dair Avropa Direktivinin (MID) və qeyri-avtomatik çəki alətlərinin Direktivinin tətbiqi (NAWID)”, “Ölçmə vasitələri bazarına nəzarət”, “MID və NAWID Direktivlərinin tətbiqinə dair Çexiyanın təcrübəsi”, “Potensial müştərilər tərəfindən ölçmə vasitələrinin seçilməsi” mövzularında təqdimatlar edilib.Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Almaniyanın Fiziki-Texniki İnstitutu və Çexiya Metrologiya İnstitutunun tərəfdaşlığı ilə həyata keçirilən “Tvinning” layihəsinin icrasına 2016-cı ilin yanvar ayında başlanılıb.Layihənin sonunda Azərbaycanda metrologiyanın həm texniki, həm də hüquqi bazasının təkmilləşdirilərək qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına nail olunacaq.Konfransda SMPDK-nın rəsmiləri, Almaniya və Çexiyanın metrologiya üzrə yüksəkixtisaslı mütəxəssisləri, Azərbaycanın bir sıra dövlət qurumlarının nümayəndələri, ölkədə sənaye, ticarət və xidmət sahələrində fəaliyyət göstərən nüfuzlu şirkətlərin təmsilçiləri iştirak ediblər.

AZƏRTAC

Digər xəbərlər