İqtisadiyyat

  • 4 887

Çen Qopinq: Azərbaycan İpək Yolunun vacib iştirakçılarından biridir

image

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının terrorçuluqla mübarizə və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Çen Qopinqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, E.Məmmədyarov Çin və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edib və bu baxımdan iki ölkənin dövlət başçılarının dostluq münasibətlərinin, həmçinin son dövrlər intensivləşən səfərlər mübadiləsinin rolunu xüsusi vurğulayıb.
Azərbaycanın Çinin “Bir kəmər - bir yol” təşəbbüsünü yaxından dəstəklədiyini deyən E.Məmmədyarov 2017-ci il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun bu çərçivədə yük və sərnişin daşınması baxımından əməkdaşlıq üçün geniş imkanlar yaratdığını nəzərə çatdırıb. Həmçinin Azərbaycan iqtisadiyyatının xüsusilə qeyri-neft sektorunda Çin şirkətlərinin daha fəal şəkildə təmsil olunmasında ölkəmizin maraqlı olduğunu deyib.
Xüsusi nümayəndə Çen Qopinq Çin hökumətinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib və iki ölkənin əməkdaşlığı üçün böyük potensialın olduğunu qeyd edib. Azərbaycanın İpək Yolunun vacib iştirakçılarından biri olduğunu qeyd edən Çen Qopinq “Bir kəmər - bir yol” layihəsinə Azərbaycanın yaxından iştirakına ümidvar olduğunu diqqətə çatdırıb.
Çen Qopinq Azərbaycan və Çin hökumətləri arasında strateji əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin terrorizmə qarşı mübarizə sahəsində də davam etdirilməsinin vacibliyini vurğulayıb. Bu xüsusda, E.Məmmədyarov Azərbaycanın terrorçuluğun bütün forma və təzahürlərinə qarşı mübarizəni dəstəklədiyini və beynəlxalq təşkilatlar çərçivəsində bu sahədə irəli sürülən təşəbbüslərlə bağlı Çinlə Azərbaycanın eyni mövqedən çıxış etdiyini vurğulayıb.
Görüşdə beynəlxalq və regional xarakterli digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

yap.org.az

Digər xəbərlər