Bakıda II "Bankçılıq Forumu" keçirilir

Noyabrın 23-də II "Bankçılıq Forumu" öz işinə başlayıb.İki gün davam edəcək forum Azərbaycan Banklar Assosiasiyasının (ABA) və İqtisadi İslahatlarının Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə "Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası: İslahatlar, Nəticələr və Perspektivlər" mövzusunda keçirilir.

Forumun məqsədi ölkədə həyata keçirilən strateji iqtisadi islahatların nəticələrinin təhlili, maliyyə-bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası, maliyyə dayanıqlılığının möhkəmləndirilməsi, nağdsız ödənişlərin artırılması istiqamətləri, banklarda komplayensin inkişafı və bank sisteminin fəaliyyətinin hüquqi bazasının təkmilləşdirilməsi məsələlərinin müzakirəsi, həmçinin bankçılıq sahəsində yeniliklər və innovasiyalar barədə qabaqcıl təcrübələrin öyrənilməsidir.
Forumda maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərləri, kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, həmçinin digər ölkələrdən dəvətlilər iştirak edirlər.
Forumda "Xarici şokların təsirinin minimallaşdırılması istiqamətində görülmüş işlər və yeni çağırışlar" mövzusunda 1-ci panel təşkil olunub. Paneldə "İqtisadi islahatların yaxın və orta perspektivli nəticələri", "Bank sektorunun sağlamlaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlər və hədəflər", "Monetar stimullaşdırma ilə makroiqtisadi stabillik arasında balans", "Makroiqtisadi stabilliyin təmin olunmasında Dövlət Neft Fondunun rolu", "Yeni dövrdə bank sektorunda insan resurslarının inkişafı məsələləri" mövzularında təqdimatlar keçiriləcək, geniş fikir mübadiləsi aparılacaq.
Həmçinin forumda "Nağdsız cəmiyyətə doğru: ödəniş ekosistemində son trendlər, yeni bazar iştirakçıları və innovativ ödəniş həlləri", "Müasir bankçılıqda komplayens" və "Bank sisteminin inkişafını hüquqi bazasının təkmilləşdirilməsi məsələləri"nə həsr edilmiş panellər də keçiriləcək.

yap.org.az