İqtisadiyyat

  • 4 373

Muxtar respublikada 212 min 571 hektar ərazi suvarılıb

image

Naxçıvan Muxtar Respublikasında yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, mütərəqqi suvarma şəbəkələrinin tikilməsi, suvarılan ərazilərin şoranlaşmasının qarşısının alınması, əhalinin içməli suya olan tələbatının etibarlı şəkildə ödənilməsi istiqamətində tədbirlər 2017-ci ildə də davam etdirilib.

Ötən il əkin sahələrinə 254 milyon kubmetr suvarma suyu verilib, təkrar suvarma nəzərə alınmaqla 212 min 571 hektar ərazi suvarılıb.Muxtar respublika Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, il ərzində 243 kilometr beton və torpaq kanal, 457 kilometr ara arxları, 40 kilometr kollektor lildən təmizlənib, 77 kilometr yeni suvarma boru xətti, 12 kilometr yeni içməli su xətti çəkilib, 14 kəhrizdə təmir-bərpa işləri başa çatdırılıb.Suvarılan torpaq sahələrinin genişləndirilməsi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, su itkisinin qarşısının alınması üçün Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 407 hektar sahədə qapalı suvarma şəbəkəsi tikilib. Şoranlaşmanın qarşısını almaq üçün də tədbirlər görülüb, sahələrə suvarma normaları daxilində suvarma suyu verilib, qrunt sularının səviyyəsini aşağı salmaq məqsədilə açıq və qapalı drenajlarda, kollektorlarda lildən təmizləmə işləri yerinə yetirilib, yeni açıq və qapalı drenaj xətləri çəkilib. Nəticədə, 1907 hektar sahədə qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb. Yaşayış məntəqələrini və əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə Arpaçay selovunda, Naxçıvançay və Cəhriçay vadilərində, Qahab və Sirab selovlarında il ərzində 35 kilometr selə qarşı istiqamətləndirici bəndlər salınıb.“Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Naxçıvan şəhər çirkab sutəmizləyici qurğusunun tikintisi başa çatıb, ərazidə abadlıq işləri aparılıb və ozon qurğusu quraşdırılıb. Babək rayonunun Şıxmahmud kəndində müxtəlif diametrli borularla 34 kilometr kanalizasiya xətti, 37 kilometr içməli su xətti, Şərur şəhərində isə 59 kilometr yeni içməli su xətti, 26 kilometrdən çox kanalizasiya xətti çəkilib. Ordubad rayonunda ümumi tutumu 20 min kubmetr olan 6 su anbarının tikintisi başa çatdırılıb, 18 subartezian quyusu qazılıb, müxtəlif diametrli borularla 73 kilometr su şəbəkəsi və 71 kilometr kanalizasiya xətti çəkilib, 3 min 204 ev kanalizasiya şəbəkəsinə qoşulub.

AZƏRTAC

Digər xəbərlər