İqtisadiyyat

  • 3 941

Yeni layihələr turizminin inkişafına zəmin yaradır

image

Ölkə iqtisadiyyatına ən böyük gəlir gətirən sahələrdən biri olan turizm potensialının beynəlxalq aləmdə tanıdılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi və digər istiqamətlərdə dövlət tərəfindən məqsədyönlü işlər görülməkdədir. Davamlı olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında turizmin inkişafına xidmət edən kompleks tədbirlər həyata keçirilir.

"Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsində də turizmin daha da inkişaf etdirilməsi əksini tapıb. Məqsədyönlü səylər nəticəsində Bakı şəhəri qısamüddətli uçuş məsafəsində yerləşən və 90 milyondan artıq əhalinin yaşadığı 26 şəhəri əhatə edən potensial turizm tələbat qrupundan əhəmiyyətli dərəcədə bazar payı əldə edə biləcək. Bütün bunlarla yanaşı, 2025-ci ilə qədər Avropanın iri şəhərlərini əhatə edən birbaşa uçuşların sayı 49-dan 100-ə çatdırılacaq. Bütün görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycana gələn turistlərin sayında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunub. Dövlətin siyasəti və ünvanlı layihələr də nəticəsini verir. Viza rejiminin sadələşdirilməsi ölkəyə turist axınının artmasına təsirini göstərir. Bir il əvvəl fəaliyyətə başlayan "ASAN viza" vasitəsilə turistlər Azərbaycana maneəsiz gələ bilirlər. Bu sistem vasitəsilə Azərbaycana səfər edən ölkələrin siyahısı genişlənməkdədir. Körfəz ölkələri, eləcə də, Çin, Koreya Respublikası, Yaponiya, Malayziya, Sinqapur ilə də münasibətdə sadələşdirilmiş viza sisteminin tətbiqi mövcud turist axınına müsbət təsirini göstərib. Bu ölkələrin əksəriyyətindən Azərbaycan gələn müsəlman turistlərin sayında əsaslı artım qeydə alınıb. Fəaliyyətə başladığı ilk aylarda "ASAN viza" portalı vasitəsilə e-viza verilən ölkələrin sayı 81 idisə, bu gün isə 100-ə yaxın ölkəni əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Cənab Prezident turizmin inkişafı ilə bağlı bu il də əlavə tədbirlərin görüləcəyini bildirib: "2016-cı ildə xarici turistlərin gəlişi 24 faiz artmışdır, keçən il isə, əlavə daha 20 faiz artım olmuşdur və rekord səviyyəyə çatmışdır. Ölkəmizə 2,7 milyon xarici vətəndaş gəlmişdir. Bu, çox müsbət haldır. Bunun səbəbləri var, - əlbəttə, mən bu barədə dəfələrlə danışmışam, - həm sabitlik, təhlükəsizlik, qonaqpərvərlik, müasir infrastruktur, tarixi abidələrimiz və turizm sahəsinə göstərilən dövlət dəstəyi və əminəm ki, eyni zamanda, beynəlxalq tədbirlər, beynəlxalq yarışlar turistləri ölkəmizə cəlb edir".
Təbii ki, ölkəmizdə təhlükəsizliyin, əmin-amanlığın hökm sürməsi, beynəlxalq tədbirlərin təşkili, qlobal forumlar, humanitar forumlar, mədəniyyətlərarası dialoq forumları, iqtisadi forumlar, idman yarışları və s. turistlərin ölkəmizə axınına səbəb olub. Qeyd edək ki, "Formula-1" üzrə dünya çempionatının tamaşaçı auditoriyası bütün qitələri əhatə etdi. Amerika, Avropa, Avstraliya, Asiya və Afrika ölkələrinin televiziya kanalları yarışları müntəzəm yayımladılar. Beş yüz milyon televiziya tamaşaçısının Avropa Qran-Prisində dünyanın ən güclü pilotlarının mübarizəsini izləməklə yanaşı, şəhərimizin gözəlliyi ilə tanış oldu, müasirliklə qədimliyin simvollarını özündə birləşdirən Bakı haqqında geniş məlumat əldə edə bildilər. ABŞ-ın, Böyük Britaniyanın, Kanadanın, Fransanın, İspaniyanın, Avstraliyanın, Braziliyanın, Portuqaliyanın, Almaniyanın, İtaliyanın, Cənubi Afrika Respublikasının, Rusiyanın, Yaponiyanın, Polşanın, Hindistanın məşhur televiziya kanalları Bakı Qran-Prisini yayımlamaqla yanaşı, paytaxtımıza həsr olunan 200-ə yaxın reportaj və materiallar hazırladılar. Azərbaycanın beynəlxalq nüfuzlu yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi, qədim tarixi abidələrimiz diqqətdən kənarda qalmadı. "Formula-1" yarışı ölkəmizin təbliği, eləcə də, turistlərin cəlb edilməsi baxımından, ideal imkanlar yaratmış oldu. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışların birində vurğuladığı kimi, "Formula-1" kimi bizim turizm potensialına dəstək verən ikinci beynəlxalq tədbir ola bilməz: "...ikinci belə beynəlxalq tədbir ancaq Yay Olimpiya Oyunları ola bilər. Amma Yay Olimpiya Oyunları bir dəfə keçirilir. Özü də o qədər böyük - milyardlarla vəsait tələb edir. Ancaq "Formula-1" hər il keçirilir. Artıq bütün infrastruktur var. Əlbəttə ki, turizmin inkişafı bundan sonra da sürətlə getməlidir".

"BU GÜN QƏBƏLƏ BAKIDAN SONRA AZƏRBAYCANDA İKİNCİ TURİZM MƏRKƏZİDİR"

Dövlətin turizmə yaxından diqqəti və qayğısı bu sahənin gələcək inkişafına zəmin yaradır. Onu da, qeyd etməliyik ki, ölkədə yüzlərlə turizm şirkətinin fəaliyyəti, turizm marşrutlarının yaradılması, beşulduzlu otellərin istifadəyə verilməsi, peşəkar kadların hazırlanmasına diqqətin artırılması, eləcə də, ölkəmizin coğrafi mövqeyi Azərbaycanın turizm ölkəsi tək tanınmasında əsas amillər sırasındadır. Cənab İlham Əliyev çıxışında turizmin inkişafı üçün bir layihəni də dövlət investisiya proqramına salındığını bildirib: "Bu da Ləki-Qəbələ dəmir yolunun tikintisidir. Beləliklə, Qəbələ şəhərinə dəmir yolunun çəkilişi təmin ediləcək. Bu gün Qəbələ Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir. Əlbəttə ki, dəmir yolunun Qəbələyə çatdırılması turistlərin axınını daha da sürətləndirəcək".
Ölkəmizdə yay turizmi ilə yanaşı, qış turizm bazasının yaradılması Azərbaycana səfər edən turistlərin sayının artmasına səbəb olub. Belə ki, turizm sahəsində məqsədli şəkildə həyata keçirilən layihələr qış turizminin inkişafına da yeni yollar açdı. Şahdağ Qış-Yay Turizm Kompleksinin yaradılması Azərbaycanın qış turizminin inkişafında uğurlara gətirib çıxardı. Yaxın zamanda buraya dəmir yolunun çəkilişi nəzərdə tutulub. Cənab Prezident iclasda növbəti illərdə Şahdağ Xizək Kurortuna da dəmir yolunun çəkilişini təmin etməyin planda olduğunu bildirib: "Bu layihəni biz, əlbəttə ki, Bakı-Yalama dəmir yolu ilə uzlaşdırmalıyıq. Çünki Şahdağa dəmir yolu ilə getmək üçün gərək o, sürətli yol olsun. İndi Bakı-Yalama yolu o vəziyyətdə deyil ki, orada sürətli qatar işləyə bilsin. Bakı-Yalama yolu ilə Qusar rayonuna gedən dəmir yolu bir layihədə öz həllini tapacaq. Bu da bizim planlarımızda var".
Onu da, vurğulayaq ki, dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsi nəzərdə tutulur. Azərbaycanın müsbət turizm imicinin yaradılması və turizm məkanı kimi tanıdılması istiqamətində aparılan məqsədyönlü tədbirlər ölkəyə gələn turistlərin sayının artımına öz töhfəsini verir.
Zümrüd BAYRAMOVA

Digər xəbərlər