İqtisadiyyat

  • 2 685

SOCAR: TANAP layihəsi üzrə işlərin təqribən 92 faizi icra olunub

image

Azərbaycan təbii qazını Türkiyəyə və qardaş ölkədən də Avropaya nəql edəcək Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə işlərin təxminən 92 faizi icra edilib.

Bu barədə “SOCAR Midstream Operations”ın direktoru Fuad Əhmədov deyib. O bildirib ki, Cənub Qaz Dəhlizinin “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri və TANAP seqmentlərində tikinti işləri bu il ərzində tamamlanacaq.
F.Əhmədov layihə çərçivəsində çıxarılacaq ilk təbii qazın yeni boru kəməri ilə bu il ərzində Türkiyəyə çatdırılacağını bildirib. Qeyd edib ki, layihənin dördüncü seqmenti olan TAP qaz boru kəmərinin inşası isə 2020-ci ildə tamamlanacaq və təbii qaz bu xətlə Avropaya göndəriləcək.
“Cənub Qaz Dəhlizi 2 qitə və 6 ölkədən keçir. Layihə bir-birindən fərqli qanun olduğu mühitdə icra olunur. Belə bir vəziyyətdə koordinasiyanın çətinliklərinə baxmayaraq Cənub Qaz Dəhlizinin bütün mərhələləri plana uyğun və maksimum sürətlə irəliləyir. 2017-ci ilin sonuna olan məlumata görə, “Şahdəniz-2” yatağında işlərin 99,2 faizi tamamlanıb. Cənubi Qafqaz Boru Kəmərində də işlər sürətlə davam edir. Yanvarın 23-dən TANAP-a sınaq məqsədilə təbii qazın vurulmasına başlanılıb. Yanvarın sonuna olan məlumata görə, TANAP layihəsi üzrə işlərin 91,9 faizi yekunlaşıb. TANAP hazırda illik 16 milyard kubmetr təbii qaz nəqletmə tutumuna malikdir. Nəqletmə gücünün sonralar ildə 31 milyard kubmetrə qədər artırılması planlaşdırılır. TANAP-ın davamı olan TAP-da isə işlərin 67,2 faizi görülüb. Bu boru kəmərinin illik nəqletmə tutumu ilkin mərhələdə 10 milyard kubmetr olacaq, daha sonra isə 20 milyard kubmetrə qədər genişləndiriləcək” – deyə o əlavə edib.
F.Əhmədov deyib ki, fevralın 15-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında region və Avropa üçün strateji əhəmiyyətə malik layihənin tamamlanması üçün tərəflərin öhdəlik və hədəfləri barədə müzakirələr aparılacaq.

sia.az

Digər xəbərlər