İqtisadiyyat

  • 6 126

Azad iqtisadi zona sosial həyatın inkişafına böyük təkan verəcək

image

««Ələt azad iqtisadi zonası haqqında» qanun layihəsi Azərbaycan iqtisadiyyatının inkişafının yeni mərhələsinin başlandığını göstərir. Belə ki, müstəqillik əldə etdikdən sonra keçən dövr ərzində Ulu öndərimiz Heydər Əliyevin bünövrəsini qoyduğu iqtisadi və sosial siyasəti uğurla davam etdirən Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmiz özünü beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi göstərmiş və möhkəm iqtisadi dayaqlara malik bir diyar kimi təsdiq etmişdir. Azad iqtisadi zonaların yaradılmasında məqsəd ölkəmizin beynəlxalq əmək bölgüsündə fəal iştirakını təmin etmək və ixrac üçün rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi yolu ilə valyuta daxilolmalarının artımına nail olmaqdır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, bu istiqamətdə ölkəmizdə müəyyən işlər görülüb. Belə ki, Prezident İlham Əliyev cənablarının göstərişi və birbaşa iştirakı ilə respublikamızda azad iqtisadi zonanın bəzi xüsusiyyətlərini özündə əks etdirən iqtisadi zonalar – Sumqayıt Kimya Texnologiya Parkı, Mingəçevir Tekstil Texnologiya Parkı, Neftçala sənaye məhəlləsi, Yalama və Şəmkir aqroparkları və digər iqtisadi zonalar yaradılmış və bu istiqamətdə işlər sürətlə genişlənməkdədir. Bu zonalarda da binaların tikintisini, kommunikasiya və infrastruktur xətlərinin çəkilməsini dövlət öz üzərinə götürmüş, həmin zonalarda quraşdırılan avadanlıq və qurğular gömrük rüsumundan azad olunur, müəssisələr isə 7 il müddətinə bütün vergilərdən azaddırlar.
«Ələt azad iqtisadi zonasının yaradılması da bu istiqamətdə atılan yeni bir addımdır və şübhəsiz ki, azad iqtisadi zonalara məxsus iqtisadi, sosial və elmi-texniki məqsədləri daha geniş formada özündə cəmləşdirir. Qanunun mətni ilə tanışlıq onu deməyə əsas verir ki, bu zonanın yaradılmasında iki yanaşma mövcuddur. Həm zonanın yerləşdiyi regionun sosial-iqtisadi inkişafını təmin etmək üçün bu zonada yaradılan müəssisələrə başqa ərazilərdə yerləşən müəssisələrdən fərqli olaraq xüsusi güzəştli vergi, gömrük və digər rejimlər tətbiq olunur. Həm də bu zonada həmin güzəştlər müxtəlif sahibkarlıq fəaliyyəti növlərinə şamil olunur. Göstərilən məqsədlərə çatmaq üçün qanun layihəsində azad iqtisadi zonada tətbiq edilən qanunvericilik, zonanın idarə edilməsini təmin edən səlahiyyətli qurumun yaradılması, onun hüquq və vəzifələri, bu qurumun idarə olunması, Ələt azad zonasında yaradılan hüquqi şəxslərin bu zonada fəaliyyəti, vergi tənzimləməsi, gömrük işi, sərhəd rejimi, zonanın ərazisi, mübahisələrin həlli və zonanın xüsusiyyətlərinə uyğun digər məsələlər geniş və asan anlaşılan formada əks olunub. Qanun layihəsində Ələt Azad İqtisadi Zonasının fəaliyyəti ilə bağlı bütün məsələlər əhatə olunduğuna görə hesab edirəm ki, bu qanunun qəbul edilməsi ölkəmizdə iqtisadiyyatın və sosial həyatın inkişafına böyük təkan verməklə dünyanın inkişaf etməkdə olan və inkişaf etmiş ölkələri ilə rəqabət aparmaqda respublikamızın gücünü xeyli artıracaq. Ələt Azad İqtisadi Zonasının yaradılması yeni iş yerlərinin açılması, yeni və ən müasir texnologiyaların, bilik və təcrübənin tətbiqi, bazar münasibətlərinin inkişafı üçün zəruri olan xarici investisiyaların cəlb edilməsi, yerli ixtisaslı fəhlələrin, mühəndislərin, iqtisadi və idarəetmə heyətinin təhsil və peşə təcrübələrinin artması üçün çox zəruridir»-deyə, komitə sədri vurğulayıb.

yap.org.az

Digər xəbərlər