İqtisadiyyat

  • 4 953

Vüqar Bayramov: “Azərbaycanda özəlləşdirmə pozitiv çoxtərəfli təsirlərə malikdir”

image

Müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev bazar iqtisadiyyatına keçid dövründə özəlləşdirməni islahatların başlıca istiqamətlərindən biri kimi müəyyən etdi. Ulu Öndər özəlləşdirmənin səmərəli təşkilinin vacibliyini ön plana çəkmişdir. Ümummilli Liderin rəhbərliyi ilə özəlləşmə sahəsində Dövlət Proqramları hazırlanıb, bu sahədə genişmiqyaslı islahatlar həyata keçirilib. Ulu Öndərin özəlləşdirmə və dövlət əmlakının idarə edilməsi sahəsində müəyyən etdiyi strategiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə də uğurla davam etdirilir. İnkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı son illər ərzində dinamik inkişaf edib, istehsalın şaxələndirilməsi istiqamətində ciddi mühüm nəticələr əldə edilib. İqtisadiyyatın ayrı-ayrı sahələrində yeni müəssisələr yaradılır, sahibkarlar ordusu formalaşır.Son illər həyata keçirilən özəlləşdirmə prosesini müsbət qiymətləndirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, son dövrlər həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində Sovet dövründən qalan müəssisələrin fəaliyyəti yenidən bərpa edilir. Bu olduqca müsbət haldır. Apardığımız təhlillər göstərir ki, özəlləşdirilmə nəticəsində belə müəssisələrə investisiya cəlb olunub, müasir avadanlıqlarla təchiz edilib, istehsal gücü artırılıb.İqtisadçı alim bildirib ki, həmin müəssisələrdə istehsalın canlanması daxili tələbatımızın ödənilməsinə imkan verir. Eyni zamanda, bununla xarici bazarlara çıxış imkanı artır. İSİM sədri deyib ki, əhəmiyyətli məqamlardan biri bölgələrdə özəlləşdirilən müəssisələrin yenidən fəaliyyəti regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirir. Bu isə regionlarda yeni iş yeri açılmaqla insanların yaşayış səviyyəsində müsbət dinamikaya təkan verir. Bu gün də ölkədə uğurla fəaliyyət göstərən bir çox müəssisələrə, o cümlədən iri müəssisələrə diqqət yetirsək görərik ki, əksəriyyəti vaxtilə özəlləşdirilmiş müəssisələrdir. Belə müəssisələrə iqtisadiyyatımızın bütün sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, turizm, bankçılıq, rabitə, nəqliyyat və digər sahələrdə rast gəlmək olar.Konkret özəlləşdirmə istiqamətlərinə toxunan Vüqar Bayramov deyib ki, mehmanxanaların, iaşə obyektlərinin özəlləşdirilməsi ölkənin turizm potensialının artmasına imkan verir. “Alov Qüllələri”, “Həyat Recensi”, “Cümeyrah Bilgəh” kimi otellərin, “Azərbaycan Mehmanxanası”nın (“Hilton” hotel), o cümlədən regionlarda yerləşən “Şahdağ Mehmanxanası”nın, “Salyan Mehmanxanası”nın, “Zaqatala Mehmanxanası”nın və digər mehmanxanaların fəaliyyətini buna misal göstərmək olar. Bundan başqa quşçuluq sənayesinin inkişafında öz müsbət təsirləri ilə seçilən bir sıra özəlləşən müəssisələr var. “Siyəzən Broyler”, “Dəvəçi Broyler”, “Giləzi Quşçuluq”, “Cəlilabad Broyler”, “Goradil Quşçuluq” kimi iri quşçuluq müəssisələrinin fəaliyyəti bu sahənin ÜDM-də payının artmasına şərait yaradıb.İqtisadçı alim bildirib ki, ölkəmizdə şərabçılıq sahəsi üzrə fəaliyyətini genişləndirən müəssislər də az deyil. “Xanlar Aqrosənaye”, “Gəncə Şərab-2”, “Bakı Şampan Şərabları”, “Bakı Şərab-2”, “Cəlilabad Şərab-2”, “Siyəzən Şərab”, “Tovuz-Şərab-2” kimi müəssisələri sadalamaq olar. Tikinti, yol infrastrukturu sahəsi üzrə fəaliyyət göstərən “Qaradağ Sement”, “Azərboru” ASC, “Azyolmaş”, “Azərkörpü”, “Sabirabad Dəmir Beton”, digər sahəyə aid olan “Baku Steel Company”, “Bakı Mayesiz Transformatorlar” kimi müəssisələrin fəaliyyəti də iqtisadi inkişafa töhfə verir. Bundan başqa konserv emal zavodlarının fəaliyyəti bu sahə üzrə daxili tələbatın ödənilməsinə imkan verir. “AzNar” QSC, “Qax-Konserv”, “Qazax-Konserv”, “Xudat-Konserv” kimi müəssisələrin fəaliyyəti konservləşdirilmiş məhsulların istehsalını təmin etməklə ölkənin iqtisadi potensialını artırır.Konkret rəqəmlərə istinad edən Vüqar Bayramov bildirib ki, dövlət əmlakının özəlləşdirilməsi prosesində indiyədək sənaye, ticarət, nəqliyyat, rabitə və digər xidmət sahələrində 47 minə yaxın kiçik dövlət müəssisə və obyekti xüsusi mülkiyyətə verilib, 1600-ə yaxın orta və iri müəssisə səhmdar cəmiyyətlərinə çevrilib və onların səhmləri özəlləşdirilib. Azərbaycanda genişmiqyaslı özəlləşdirmə tədbirlərinin həyata keçirilməsi prosesinin məntiqi nəticəsi olaraq müəssisələrin əmək kollektivlərinin üzvləri və digər vətəndaşlar işlədikləri, eləcə də maraq doğuran başqa müəssisələrin mülkiyyətçilərinə və səhmdarlarına çevriliblər. Özəlləşdirmə prosesində 300 minə yaxın adam səhm sahibi olub, 520 min nəfərdən çox insanı əhatə edən mülkiyyətçilər təbəqəsi formalaşıb. Təkcə investisiya müsabiqələri vasitəsilə özəlləşən 100-ə yaxın müəssisəyə təxminən 1,1 milyard ABŞ dolları investisiyalar yatırılıb, istehsalın həcmi 1,5 milyard manat artıb. Özəlləşdirmə əhalinin məşğulluğunun təmin edilməsində də əhəmiyyətli rol oynayıb. Hesablamalara görə, özəlləşdirilmiş müəssisələrdə 300 mindən çox yeni iş yeri yaradılıb. Nəticədə ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 85 faizə yaxın olub.Özəlləşdirmədə elektron xidmətlərdən istifadənin genişləndiyini bildirən İSİM sədri deyib ki, hazırkı inkişaf mərhələsində dövlət əmlakının özəlləşdirilməsi sahəsində yeni çağırışları və iqtisadi reallıqları nəzərə alaraq müasir yanaşmaların tətbiqi önə çəkilib. Ölkə başçısı İlham Əliyevin müəyyənləşdirdiyi prioritetlərə uyğun olaraq həyata keçirilən özəlləşdirmə prosesində maksimum şəffaflığı təmin etmək və böyük əhali kütləsini bu prosesə cəlb etmək üçün mühüm yeniliklər tətbiq edilir. Özəlləşmə sahəsində yeni mərhələ olan, unikallığı və funksionallığı ilə seçilən Elektron hərracın istifadəsi bu sahəyə investorların marağını artırıb. Özəlləşdirmə prosesinin daha da sürətləndirilməsi, prosesə investorların daha rahat qatılması üçün Özəlləşdirmə portalı fəaliyyətini davam etdirir.

yap.org.az

Digər xəbərlər