Bakıda beynəlxalq qida sənayesi və kənd təsərrüfatı sərgiləri keçirilir

Bu gün 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi (WorldFood Azerbaijan 2018) və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2018) sərgiləri keçirilir. SİA-nın verdiyi məlumata görə, ötən illə müqayisədə, bu il “WorldFood Azerbaijan” və "Caspian Agro” sərgiləri həm iştirakçıların sayı, həm də ekspozisiya sahəsi baxımından 12% artım nümayiş etdirib və region üzrə bütün ixtisaslaşmış sərgilər arasında ikinci yeri tuturlar.Sərgilərdə dünyanın 34 ölkəsindən 402 şirkət iştirak edir və bu şirkətlərin 70%-ni xarici, 30%-ni isə yerli istehsalçı və distribütorlar təşkil edirlər. Bu ölkələrin ticarət və sənaye palatalarının dəstəyi ilə şirkətlərin böyük milli qruplar ilə iştirakı sərginin vizit kartına çevrilib. Bu il sərgilərdə dünyanın 10 ölkəsini təmsil edən 11 milli və regional qrup iştirak edir.

sia.az