OPEC: Keçən il Azərbaycanda gündəlik 729 min barrel neft hasil olunub

Azərbaycanda ötən il gündəlik orta hesabla 729 min barrel xam neft hasil edilib.Bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) illik statistik hesabatında deyilir.

Ötən ilin sonuna olan məlumata görə, Xəzəryanı ölkələrdən Rusiyanın sutkalıq neft hasilatı 10 milyon 349 min barrel, İranın 3 milyon 867 min barrel, Qazaxıstanın 1 milyon 467 min barrel, Türkmənistanın isə 181 min barrel təşkil edib.
Gündəlik neft hasilatına görə dünyada ilk sırada Rusiya (10,3 milyon barrel), ikinci yerdə 9 milyon 959 min barrellə Səudiyyə Ərəbistanı, üçüncü sırada 9 milyon 355 min barrellə ABŞ, dördüncü yerdə 4 milyon 469 min barrellə İraq, beşinci sırada isə İran (3,8 milyon barrel) qərarlaşıb. Dünyada sutkalıq neft istehsalı ən az olan ölkə 3 min barrellə Çilidir.
Keçən ilin sonuna qlobal neft hasilatı gündəlik 74 milyon 687 min barrel olub. Bunun 43,5 faizi, yəni sutkalıq 32 milyon 515 min barreli OPEC-ə üzv ölkələrdə hasil edilib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə gündəlik neft istehsalı 15 milyon 692 min barrel, keçmiş Sovet İttifaqına üzv ölkələrdə isə 12 milyon 804 min barrel olub.

yap.org.az