Damian Gjiknuri: TAP Albaniyanın qazlaşdırılmasına və ümumilikdə enerji sektoruna müsbət təsir göstərəcək

“Trans-Adriatik” (TAP) təbii qaz boru kəməri layihəsi Albaniyanın qazlaşdırılmasına və ümumilikdə enerji sektoruna müsbət təsir göstərəcək.Bunu Albaniyanın infrastruktur və energetika naziri Damian Gjiknuri TAP-ın Fierdəki kompressor stansiyasında turbo kompressorların quraşdırılması mərasimində deyib.

Nazir TAP-ın Albaniya iqtisadiyyatı və ölkənin gələcəyi üçün strateji əhəmiyyətini vurğulayıb: “TAP Albaniyanın qazlaşdırılmasına və ümumilikdə enerji sektoruna müsbət təsir göstərəcək. TAP Albaniyada tətbiq olunan bu miqyasda ilk enerji layihəsidir və onun inkişafı təqdirəlayiqdir”.
TAP-ın ölkəyə müsbət təsiri barədə danışan nazir D.Gjiknuri həm alban işçi qüvvəsinin, həm də yerli şirkətlərin layihədə iştirakını yüksək qiymətləndirib.
Xatırladaq ki, TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 73 faizi icra edilib. İndiyədək TAP layihəsinə 2,9 milyard avro sərf olunub. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. Kəmərin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.
Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşası qrafik üzrə davam etdirilir. Kompressor stansiyaları ilə yanaşı, həmçinin Albaniyanın şərqində Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi aparılır. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq. TAP-ın Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisi isə 2019-cu ildə başa çatdırılacaq. Avropaya ilk Azərbaycanın qazının verilməsi 2020-ci ilə planlaşdırılır.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

yap.org.az