Maroş Şefçoviç: Aİ potensial təchizatçıların "Cənub Qaz Dəhlizi" layihəsinə qoşulmaq niyyətini alqışlayır

Avropa İttifaqı (Aİ) əlavə potensial təchizatçıların Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinə qoşulmaq marağını alqışlayır.

Bunu Trend-ə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.
M.Şefçoviç bildirib: "Biz hesab edirik ki, "Cənub Qaz Dəhlizi"nin mənbəyi "Şahdəniz" yatağı ilə məhdudlaşmır. Ona görə də biz Xəzər, Mərkəzi Asiya, Yaxın Şərq, Şərqi Aralıq dənizi və Qara dəniz regionlarından potensial əlavə təbii qaz təchizatçılarının Avropaya təbii qaz nəqlinin gələcək şaxələndirilməsi üçün bu dəhlizə qoşulmaq marağını alqışlayırıq".
Bu baxımdan, M.Şefçoviç qeyd edib ki, Aİ Azərbaycan və Türkmənistanla Transxəzər Boru Kəməri Sistemi layihəsinin həyata keçirilməsi istiqamətində danışıqlar aparır.
Vitse-prezident əlavə edib ki, Aİ Türkmənistan, Azərbaycan, Türkiyə və Aİ arasında enerji əməkdaşlığının inkişafını təmin etmək üçün 2015-ci ilin mayında imzalanmış Aşqabad bəyannaməsi əsasında potensial, kommersiya baxımından həyat qabiliyyətli nəqllərin şərtləri barədə danışıqları davam etdirməyə hazırdır.

yap.org.az