İqtisadiyyat

  • 3 643

UNESCO-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin uğurlu layihələrinin təqdimatı keçirilib

image

Parisdə UNESCO-nun baş qərargahında “İnformasiya hamı üçün” proqramı (İFAP) üzrə Hökumətlərarası Şuranın 10-cu sessiyası keçirilib.

Sessiya çərçivəsində Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti tərəfindən İFAP proqramının prioritet sahələrinə uyğun olaraq ölkəmizdə informasiya cəmiyyətinin qurulması sahəsində əldə olunmuş nailiyyətlər, uğurlu təcrübələr və mövcud vəziyyətin inkişafı ilə bağlı aparılan işlər barədə geniş təqdimat keçirilib.
Sessiyada çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov İFAP-ın prioritetləri sahəsində ən yaxşı təcrübəsini və nailiyyətlərini bölüşmək üçün Azərbaycana yaradılan imkana görə hökumətlərarası şuranın “İnformasiya hamı üçün” proqramının bürosuna və katibliyinə təşəkkür edib. İnformasiya və kommunikasiya texnologiyalarının sülhün və mədəniyyətlərarası dialoqun təşviqində roluna toxunaraq, ölkəmizin İFAP proqramını dəstəklədiyini bildirib. IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda İFAP-ın “Kiberməkanda ekstremizmə qarşı mübarizənin mədəniyyət ölçüləri: zorakılığa yol açan gənclərin radikallaşması” adlı panelini xatırladıb. İTK-nin davamlı inkişafı sahəsində ölkəmizin siyasətindən söhbət açıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Rəşad Əzizovun ölkəmizdə informasiya cəmiyyətinin qurulması sahəsində əldə olunmuş nailiyyətlərə dair təqdimatı dinlənilib.
Təqdimatda son illər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən informasiya cəmiyyətinin inkişafına xidmət edən bir çox layihələr, eləcə də elektron hökumət, elektron imza, yeni nəsil şəxsiyyət vəsiqələri haqqında geniş məlumat verilib. Ölkə əhalisinin internetə çıxışı, genişzolaqlı şəbəkənin inkişafı və kosmik sənaye kimi vacib infrastruktur layihələrdən bəhs edib.
Bildirib ki, ölkəmizdə innovativ iqtisadiyyatın prioritet istiqamətləri və İKT sahəsində “StrartUp” layihələri, kibertəhlükəsizlik, kiber məkanda çoxdillilik, fiziki məhdudiyyətli insanlar üçün İT-yə dair layihələr həyata keçirilib.
Ölkəmizdə uğur qazanmış digər - Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) mərkəzləri, Müəllif Hüquqları Agentliyinin “Rəqəmli hüquqları idarəetmə sistemi”, Mədəniyyət Nazirliyinin Milli Kitabxana-İnformasiya Mərkəzi “Azlibnet” layihəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Şəbəkə” Xidmət Mərkəzləri, Data Mərkəzi kimi layihələr haqqında da ətraflı məlumat verilib.
Tədbirdə iştirak edən İFAP üzrə Hökumətlərarası Şuranın yeni seçilmiş sədri Anna Bossman, UNESCO-nun İFAP layihəsi üzrə əlaqələndiricisi Boyan Radoykov, UNESCO Baş direktorunun kommunikasiya və informasiya üzrə müavini Moez Şakşouk və üzv ölkələrin nümayəndələri ilə görüşlər keçirilib.
Sessiya çərçivəsində Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətləri əks etdirən fotosərgi nümayiş olunub.
Sonda UNESCO IFAP proqramında iştirak edən ölkələrin nümayəndələrinə ölkəmiz adından ziyafət verilib.
Qeyd edək ki, “İnformasiya hamı üçün” proqramının əsas məqsədi üzv ölkələrdə informasiyaya çıxışı təkmilləşdirməkdir. UNESCO-nun kommunikasiya və informasiya mandatı informasiyaya çıxış, informasiya etikası, informasiya savadlılığı, informasiyanın qorunması, zorakı ekstremizmin qarşısının alınması və digər bu kimi sahələri əhatə edir.

yap.org.az

Digər xəbərlər