Rüfət Məmmədov: Pakistan Azərbaycanın xarici siyasətində önəmli yer tutur

Pakistan Azərbaycanın xarici siyasətində önəmli yer tutan ölkədir.Bu sözləri iyulun 5-də iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Bakıda keçirilən 31-ci RCCI beynəlxalq nailiyyət mükafatlandırma mərasimində deyib.

Nazir müavini ötən illər ərzində imzalanan müqavilələrin, keçirilən tədbirlərin iqtisadi əlaqələrimizin inkişafında böyük rol oynadığını vurğulayıb. Pakistan və Azərbaycanın beynəlxalq miqyasda hər zaman fəallıqları ilə seçildiklərini söyləyən Rüfət Məmmədov ölkələrimizin qlobal ticarətdə önəmli yerə sahib olduqlarını qeyd edib. “Bütün pakistanlı dostlarımızı əlaqələrimizi daha da genişləndirməyə çağırırıq. Biz ticarəti daha da inkişaf etdirməliyik. Bu təşəbbüsə görə Pakistan tərəfinə minnətdarlığımızı bildiririk”, - deyə o əlavə edib.
Azərbaycanda yaradılan əlverişli investisiya mühitindən danışan nazir müavini əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Pakistanın Ravalpindi Ticarət və Sənaye Palatasının (RCCI) prezidenti Zahid Lətif Xan çıxış edərək Pakistanın son dövrlərdəki inkişafından strateji əhəmiyyətindən danışıb. Ölkəsinin Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini bildirən qonaq hər iki ölkənin münasibətlərimizin daha sürətli inkişafı üçün böyük işlər gördüyünü vurğulayıb.
Daha sonra münsiflərin qərarı ilə namizədlərə mükafatlar təqdim edilib.

yap.org.az