Naxçıvan Hava Limanında payız-qış mövsümünə hazırlıq işləri müzakirə edilib

Naxçıvan Beynəlxalq Hava Limanında payız-qış mövsümünə hazırlıqla əlaqədar xüsusi avtonəqliyyat xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi, lazımi ehtiyat hissələrinin alınması, sürücülərin bilik səviyyəsinin yoxlanması, texnikalardan düzgün və təyinatı üzrə istifadə qaydalarına əməl olunması yönündə maarifləndirmə işləri davam etdirilir. Bu barədə Naxçıvan Beynəlxalq Hava Limanında 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə danışılıb.Hava limanının direktoru Mənşur Gülməmmədli deyib ki, hava gəmilərinin buzlaşmaya qarşı emalı, mayelərin toplanması, təyyarələrin yedəklənməsi, qarşılanıb yola salınması prosesləri mövsümə uyğunlaşdırılmalıdır.“Payız-qış mövsümünə hazırlıqla əlaqədar ən vacib məsələlərdən biri də soyuq havalarda hava gəmilərinin uçuş-enmə zolağına təhlükəsiz, maneəsiz enib-qalxmasının təmin olunmasıdır. Aerodrom təminatı sahəsi bu istiqamətdə ardıcıl hazırlıq işləri aparmalıdır”, – deyən Mənşur Gülməmmədli qeyd edib ki, mövsümün sonuna qədər uçuş-enmə zolağında cari təmir işləri başa çatdırılmalı, ölçü cihazlarının test yoxlamaları keçirilməli, mühəndis-texnik heyət işini payız-qış mövsümünə uyğun təşkil etməli, qartəmizləmə qrafikləri hazırlanmalı və tələb olunan səviyyədə aerodromun normal istismarını təmin etməlidir. Bundan əlavə, qarlı və soyuq havalarda aerovağzal kompleksi və yardımçı binaların, uçuş-enmə zolaqlarının işıqlandırma sistemlərinin yoxlanması reqlamentə uyğun olaraq davam etdirilməlidir. Uçuşların elektrik işıq texnikası ilə təminatı xidmətinin mühəndis-texnik heyəti payız-qış mövsümünə hazırlıqla əlaqədar maarifləndirilməli və test yoxlamaları keçirilməlidir. Dizel generatorlarının, transformatorların, kəsintisiz enerji mənbəyi olan UPS qurğularına texniki baxışın keçirilməsi davam etdirilməlidir. Eyni zamanda, mövsümə hazırlıqla əlaqədar yanacaq-sürtkü materialları anbarında qulluq göstərən yanacaq maşınlarının, çənlərin, nasos qurğularının sazlığı nəzarətdə saxlanılmalıdır. Yanacaqların keyfiyyətinə nəzarət, filtr-süzən qurğuların saz saxlanılması, mövsümün sonuna qədər tələb olunan yanacağın toplanılması davam etdirilməlidir.Mənşur Gülməmmədli hava limanının bütün xidmətlərinin payız-qış mövsümünə hazırlığının oktyabrın 15-dək yekunlaşmalı olduğunu bildirib.Tədbir məruzə ətrafında çıxışlarla davam edib.

sia.az