Xələf Xələfov: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionumuz və ölkəmiz üçün mühüm addımdır

“Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionumuz və ölkəmiz üçün mühüm addımdır. Bildiyiniz kimi, region xalqları əsrlər boyu Xəzər dənizindən və onun resurslarından yararlansalar da, bu dənizin hüquqi statusunu tənzimləyəcək sənəd bu günədək mövcud olmamışdı. Rusiya ilə İran arasında 1921-ci il tarixli və SSRİ ilə İran arasında 1940-cı il tarixli sazişlər yalnız dənizdə gəmiçilik və balıqçılıq məsələlərini tənzimləməklə məhdudlaşırdı. Məhz bu səbəbdən 2018-ci il avqustun 12-də Aktauda V zirvə toplantısında dövlət başçıları tərəfindən imzalanmış Konvensiya ilk dəfə Xəzər dənizinin hüquqi statusunu müəyyən edərək, sahilyanı dövlətlərin dənizə münasibətdə hüquq və öhdəliklərini təsbit edir. Zirvə toplantısında çıxışı zamanı dövlətimizin başçısı tərəfindən qeyd edildiyi kimi, Konvensiya Xəzər dənizində hərtərəfli hüquqi rejimi müəyyənləşdirir. Eyni zamanda, bu sənəd fundamental hüquqi baza rolunu oynamaqla, sahilyanı dövlətlər arasında sahəvi əməkdaşlıq üçün çərçivə formalaşdırır və onlar arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu baxımdan, sənəd ölkəmizin müstəqilliyinə və Xəzər dənizində suveren hüquqlarının təsbitinə əhəmiyyətli dərəcədə töhfə verir. Onu da əlavə edim ki, bu Konvensiyanın imzalanması BMT-nin baş katibi daxil olmaqla, bütün beynəlxalq ictimaiyyət və dünya mediası tərəfindən çoxtərəfli diplomatiyanın təntənəsi kimi qiymətləndirilib.” Bu fikirləri Xarici işlər nazirinin müavini Xələf Xələfov AZƏRTAC-a müsahibəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyətindən və sənədin əsas müddəalarını şərh edərkən bildirib.

yap.org.az