Cavid Osmanov: Azərbaycan tranzit daşımaları üçün kifayət qədər əlverişli coğrafi mövqeyə və geniş imkanlara malikdir

«Avropa ilə Asiyanı birləşdirən Xəzər hövzəsi regionunun geoiqtisadi və geosiyasi önəmi yalnız enerji amili ilə məhdudlaşmır. Regionun həmçinin müasir qlobal çağırışlar baxımından böyük önəm daşıyan geniş nəqliyyat-logistika imkanları mövcuddur». Bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, ötən həftə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəqliyyat və daşımalarla bağlı məsələlər də öz əksini tapıb. Onun sözlərinə görə, Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyən edən bu fundamental sənəd sahilyanı dövlətlər arasında münasibətlərin geniş spektrini əhatə etməklə yanaşı, iqtisadi və nəqliyyat məsələlərinin həlli üçün də yeni perspektivlər açır.
«Xəzər hövzəsi regionunda Azərbaycanın geostrateji önəmini artıran faktorlar sırasında ölkəmiz tranzit daşımaları üçün kifayət qədər əlverişli coğrafi mövqeyə və geniş imkanlara malikdir. Azərbaycanın əlverişli coğrafi mövqeyi respublikamızın istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir. Respublikamız həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır»-deyə, deputat qeyd edib.

yap.org.az