İqtisadiyyat

  • 5 139

Azərbaycanın neft strategiyası və doktrinasının əsası - “Əsrin müqaviləsi”

image

Bu gün “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə imzalanmasından 24 il ötür. Ümummilli Liderin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən hər il sentyabrın 20-si Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi qeyd olunur.Təxminən 400 səhifə həcmində və 4 dildə tərtib olunmuş müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. Müqavilədə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil” (indiki “Equinor”), “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remco”, “Delta”) iştirak edib. Bununla da, müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyulub. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.Ötən 24 ildə Azərbaycan neft sənayesi hansı inkişaf yolu keçib, nə kimi uğurlara imza atılıb? Gəlin tarixə qısaca da olsa, nəzər yetirək.1997-ci il noyabrın 7-də “Əsrin müqaviləsi” çərçivəsində “Çıraq” platformasından ilkin neft alındı. Noyabrın 12-də bu münasibətlə platformada ulu öndər Heydər Əliyevin, layihənin əməliyyatçısı olan BP şirkəti və tərəfdaşlarının nümayəndələrinin, xarici ölkələrdən gəlmiş qonaqların iştirakı ilə təntənəli mərasim keçirilib. Bu, Azərbaycanın yeni neft strategiyasının uğurlarının başlanğıcı idi. Həmin hadisə ilə Azərbaycanın neft sənayesinin əlaqədar olduğu istehsal obyektlərinin beynəlxalq standartlara uyğun qurulmasının təməli qoyuldu.“Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlər ilə daha 34 saziş imzalanıb. Bununla yanaşı, “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb olub. Neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən – 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı. Başqa sözlə, hasilat 5,6 dəfə artdı.1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql olunması haqqında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalandı. 1997-ci ilin oktyabrında həmin xətt istifadəyə verildi. 1998-ci ildə AÇG nefti fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başladı.“Əsrin müqaviləsi” çərçivəsində hasil ediləcək böyük neft həcmləri ilə müqayisədə bu kəmərin ötürücülük qabiliyyəti məhdud olduğundan ixrac boru kəmərlərinin çoxvariantlılığının zəruriliyi məsələsi ortaya çıxdı və alternativ variantlar üzərində ciddi iş aparılmağa başlanıldı. 1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün Bakı-Supsa marşrutu ilə nəqli haqqında Azərbaycan və Gürcüstan arasında saziş imzalandı. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi.Lakin bu da kifayət etmirdi. Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri Azərbaycanın getdikcə artan iri neft həcmlərini dünya bazarına ixrac etmək iqtidarında deyildi. Məhz buna görə də əsas ixrac neft boru kəmərinin qısa zamanda inşası zərurəti yarandı. Belə olan təqdirdə ulu öndər Heydər Əliyev Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ideyasını gündəmə gətirdi. Respublikamızın həm daxildəki, həm də xaricdəki bədxahları müxtəlif bəhanələr gətirərək, beynəlxalq ictimai rəydə guya Azərbaycanın gələcəkdə bu kəmərlə ixrac etmək üçün kifayət qədər nefti olmayacağı barədə fikir yaratmağa çalışır, bu ideyanı utopiya hesab edirdilər. Lakin zaman ulu öndər Heydər Əliyevin bu konsepsiyasının tamamilə real, həm də iqtisadi cəhətdən səmərəli olduğunu göstərdi.2002-ci ildə ümummilli lider Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. “Əsrin müqaviləsi” ulu öndər Heydər Əliyevin birinci şah əsəri idisə, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri dahi şəxsiyyətin ikinci şah əsəri oldu. 2006-cı ilin mayında Azərbaycan nefti BTC kəməri vasitəsilə Ceyhan limanına çatdırıldı. Hazırda bu kəmərin əhəmiyyəti bütün dünyada birmənalı etiraf olunur.Bu gün Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri, eyni zamanda, ümumilikdə beynəlxalq enerji təhlükəsizliyi sistemi baxımından, eləcə də neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən ölkələr, xüsusilə Mərkəzi Asiya dövlətləri üçün də müstəsna əhəmiyyət kəsb edir.Kəmərin illik ötürücülük qabiliyyəti 50 milyon tondur ki, bunu da gələcəkdə 60 milyon tona çatdırmaq mümkündür. 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur. Bu vaxtadək Bakı–Tbilisi–Ceyhan kəməri ilə 3 milyard barreldən çox neft nəql olunub və Ceyhan limanında təqribən 4 min tankerə yüklənərək dünya bazarına göndərilib. Yanvar-avqust ayları ərzində bu kəmər vasitəsilə 22 milyon 288,7 min ton neft ötürülüb. Səkkiz ayda BTC ilə 4 milyon 207,8 min ton tranzit nefti də nəql olunub.Yarım ildə BTC üzrə əməliyyat xərclərinə təqribən 61 milyon dollar, əsaslı xərclərə isə 13 milyon dollar sərf edilib. “BTC Ko.”nun səhmdarları belədir: BP (30,1 faiz), “AzBTC” (25 faiz), “Chevron” (8,9 faiz), “Equinor” (Statoil) (8,71 faiz), TPAO (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ExxonMobil” (2,5 faiz) və “ONGC (BTC) Limited” (2,36 faiz).Yeni neft strategiyasının gerçəkləşməsi ilə respublikamızın neft ehtiyatlarının istismarına geniş məbləğdə xarici investisiyalar cəlb edildi. Təkcə onu demək kifayətdir ki, Dövlət Neft Şirkəti 15 ölkənin 25 şirkəti ilə imzalanmış hasilatın pay bölgüsü sazişində Azərbaycan dövlətini uğurla təmsil edir. HPBS-lər çərçivəsində 1995-2013-cü illərdə Azərbaycanın neft-qaz sektoruna təqribən 51,6 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti bu gün dünya standartlarına cavab verən, lazımi iqtisadi və texniki imkanları olan, Azərbaycandan kənarda da böyük layihələr həyata keçirən müasir bir şirkətdir. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, qaz isə Gürcüstana, Türkiyəyə, Rusiyaya, İrana və Yunanıstana nəql edilir.

XXI əsrin “Yeni Əsrin müqaviləsi”
Ötən il sentyabrın 14-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzaladılar.14 sentyabr ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gün oldu, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövrü başladı. Yeni Sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Çünki “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Bu Saziş Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış saziş də ölkəmizin maraqlarını tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə Saziş imzalandı. Bu Sazişin yeni “Əsrin müqaviləsi” adlandırılması da təsadüfi deyil. Azərbaycanın gələcək inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. Növbəti 31 il müddətində AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.Bu sazişin ardınca, SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunub. Hazırda AÇG-də tərəfdaşların iştirak payları belədir: BP - 30,37 faiz, “AzACG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Statoil” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TP” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.Ötən 24 il ərzində sazişin icrası uğurla reallaşdırılıb. AÇG-də böyük ehtiyatlar mövcuddur və burada hələ görüləcək çox iş var. Bu vaxtadək AÇG-dən hasil edilən 3,4 milyard barreldən çox neft dünya bazarına əsasən Bakı-Tbilisi-Ceyhan və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə daşınıb. 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Bu gün isə “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var. Lakin bu hələ son rəqəm deyil. Yataqların ehtiyatının atması ehtimalı var və yeni Sazişin icrası müddətində bu rəqəm daha da artacaq.Cari ilin birinci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 236 milyon dollar əməliyyat və 552 milyon dollar isə əsaslı məsrəflər xərclənib. Yarım ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib, ümumi hasilat gündəlik orta hesabla 596 min barrel və ya ümumilikdə təqribən 108 milyon barrel, yəni 15 milyon ton olub. İyun ayının sonunda AÇG-də ümumilikdə 116 neft hasilat quyusu və 53 qaz və su injektor quyusu istismarda olub. İki rüb ərzində AÇG-də 6 neft hasilat quyusu və 2 su injektor quyusu qazılıb. Hazırda AÇG-də 8 platforma - 6 hasilat platforması və 2 texnoloji platforma var. Bu platformalardan neft və qaz dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql olunur.Birinci yarımildə “BP Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin də “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 6 milyon kubmetr, ümumilikdə isə 1,1 milyard kubmetr səmt qazı təhvil verib. AÇG-dən, həmçinin ümumilikdə 30 milyard kubmetrdən çox səmt qazı Azərbaycan hökumətinə təhvil verilib.“Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları hər il mənfəət neftindən gəlir əldə edir. Azərbaycan indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlarından 262 milyon ton mənfəət nefti əldə edib. Mənfəət neftinin həcmi isə ilbəil artır.Dövlət Neft Fondu 2001-ci ilin əvvəlindən bu il sentyabr ayının 1-dək “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində ümumilikdə 135 milyard 142 milyon dollar gəlir əldə edib. Bu ilin yanvar-avqust aylarında AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 6 milyard 656 milyon dollar vəsait daxil olub. O cümlədən bu ilin ilk səkkiz ayında Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri 115 milyon dollar təşkil edib.Cari il yanvarın 29-da isə Neft Fonduna “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” SOCAR ilə xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 450 milyon dollar həcmində ilk bonus ödənişi həyata keçirilib.Azərbaycanda ilk dəfə dünya miqyasında dənizdən neft XX əsrin ortalarında “Neft Daşları”nda çıxarılıb. Bu o deməkdir ki, Azərbaycanın çox böyük və zəngin ənənələri var. Ötən il isə ölkəmiz üçün 2 milyardıncı ton Azərbaycan neftinin hasil edilməsi ilə əlamətdar oldu. Milyardıncı ton Azərbaycan nefti 1971-ci il martın 28-də çıxarılmışdı. Neftin ilk milyard tonunu hasil etməkdən ötrü Azərbaycan neftçiləri 1 əsrlik yol keçdilər. Lakin neftin ikinci milyard tonunu çıxarmaq üçün isə qəhrəman neftçilərimizə yarım əsrdən də az bir vaxt – 46 il bəs etdi. Kiçik bir ölkədə işlənmənin əvvəlindən iki milyard ton neftin hasil edilməsi həqiqətən də böyük hadisədir.Bu uğurlar, eyni zamanda, Azərbaycan neftçilərinin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlanır. Azərbaycan neftçiləri bütün dövrlərdə öz fədakarlığı, peşəkarlığı ilə cəmiyyətdə çox böyük hörmət qazanıblar. Azərbaycanda neftçi peşəsi çox hörmətli peşədir. Bütün bu uğurların əldə edilməsində Azərbaycan neftçilərinin çox böyük xidməti, zəhməti, payı var. Təsadüfi deyil ki, bunu nəzərə alan ulu öndər Heydər Əliyevin Fərmanına əsasən məhz “Əsrin müqaviləsi”nin imzalandığı gün – 20 sentyabr ölkəmizdə həm də neftçilərin peşə bayramı kimi bayram edilir. Qəhrəman neftçilərimizi bu əlamətdar gün münasibətilə təbrik edir, onlara Azərbaycan neft-qaz sənayesinin tərəqqisində yeni-yeni uğurlar arzulayırıq.

sia.az

Digər xəbərlər