Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq işinə dəstək üçün milli seminar keçirilir

Bakıda Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində potensialların artırılmasına dəstək məqsədilə "Azərbaycanda DİM-lərə nail olmaq işində dayanıqlı ərzaq və kənd təsərrüfatının rolu" mövzusunda milli seminar keçirilir.

Trend-in məlumatına görə, seminarın məqsədi Azərbaycanda kənd təsərrüfatı və DİM-lər arasında çoxtərəfli və çoxməqsədli əlaqələri təhlil etməkdir.
Tədbirdə kənd təsərrüfatının inklüziv və dayanıqlı inkişafa, eləcə də milli iqtisadiyyatın şaxələndirilməsinə potensial töhfəsinin qavranmasını artırmaq, kənd təsərrüfatı, ərzaq, meşə təsərrüfatı və balıqçılıq fəaliyyətlərinin Azərbaycanda DİM-lərin əldə olunmasına yönəldilməsinə qatqılarının və sürətləndirici təsirlərinin artırılması yollarını və lazımi tədbirləri müzakirə etmək nəzərdə tutulur.
Seminar, xüsusilə kənd təsərrüfatı, ərzaq, meşə təsərrüfatı və balıqçılıq sahələrində Azərbaycanda DİM-lərin həyata keçirilməsi ilə məşğul olan dövlət (nazirliklər, dövlət qurumları və komitələr) və qeyri-dövlət (vətəndaş cəmiyyəti, özəl sektor) qurumlarını hədəfləyir. Özəl sektordan, vətəndaş cəmiyyəti və akademiyalardan maraqlı tərəflərin iştirakı yüksək dərəcədə təşviq edilir.
Qeyd edək ki, Azərbaycan üçün İSSD (İnteqrasiya, Sürətləndirmə və Siyasətə Dəstək) hesabatında üç “sürətləndirici platforma” müəyyən olunub: inklüziv əmək bazarı, yaşıl artımın təşviqi, inkişaf etmiş ictimai, sosial xidmətlərin təqdim edilməsi. Kənd təsərrüfatı ən azı iki "sürətləndirici platforma"da, yəni inklüziv əmək bazarları və yaşıl artımla əlaqədar əhəmiyyətli rol oynaya bilər. Bundan əlavə, Azərbaycan hökuməti qeyri-neft sektorunda iqtisadiyyatın şaxələndirilməsi üçün kənd təsərrüfatı sektorunu prioritet sahələrdən biri kimi müəyyən edib. BMT-nin Ərzq və Kənd Təsərrüfatı Fondunun (FAO) Azərbaycan üçün 2016-2020-ci illər üçün Ölkə Proqram Çərçivəsində (ÖPÇ) qeyd edildiyi kimi, kənd təsərrüfatı Azərbaycana çoxsaylı fayda və müsbət təsirlər gətirə bilər.
FAO ərzaq və kənd təsərrüfatı sektorunda DİM-lərin həyata keçirilməsində Azərbaycan hökumətini dəstəkləyir. Vyanada yerləşən Təbii Sərvətlər və Həyat Elmləri Universitetinin (BOKU) texniki və elmi dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində potensialların artırılmasına dəstək” layihəsi FAO-nun mandatına daxil olan DİM1 (Yoxsulluğa son), DİM2 (Aclığa son), DİM5 (Gender bərabərliyi), DİM6 (Təmiz su və sanitariya), DİM12 (Məsuliyyətli istehlak və istehsal), DİM13 (İqlim dəyişikliyinə qarşı mübarizə), DİM14 (Dəniz ekosisteminin mühafizəsi), DİM15 (Torpaq ekosisteminin mühafizəsi) ilə bağlı hədəflərə yönəlib. Hazırda baş tutan seminar layihənin əsas fəaliyyətlərindən biridir.

yap.org.az