2040-cı ilədək qlobal enerji tələbatı 25 faizdən çox artacaq

2040-cı ilədək qlobal enerji tələbatı 25 faizdən çox artacaq.Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) “World Energy Outlook 2018” hesabatında deyilir.

Hesabata görə, inkişaf etməkdə olan ölkələrdə urbanizasiya, əhali və iqtisadi artım enerji tələbatının kəskin yüksəlməsinin əsas mənbəyi olacaq. Belə ki, qlobal enerji tələbatının 2017-2040-cı illəri əhatə edən dövrdə dörddəbir nisbətində artması nəzərdə tutulur. 2017-2040-cı illərdə inkişaf etməkdə olan ölkələrin enerji tələbatı 45 faizə qədər artacaq. 2040-cı ildə Çin dünyanın ən böyük enerji istehlakçısı olacaq. Buna baxmayaraq Hindistanın enerji tələbatı 2040-cı ilə qədər iki dəfədən çox artacaq.
2040-cı ilədək qlobal enerji tələbatının təxminən yarısı Asiyadakı inkişaf etməkdə olan ölkələrdə formalaşacaq. Qeyd edilən dövrdə Yaxın Şərq və Şimali Afrikada tələbat 60 faizdən çox artacaq. Orta və Cənubi Amerikada enerji tələbatı 2040-cı ilə qədər 40 faiz çoxalacaq. Şimali Amerikada isə tələbat eyni qalacaq. Avrasiyada da tələbat artacaq. Belə ki, Xəzəryanı ölkələrdəki artım 10 faizdən çox olacaq.
Buna baxmayaraq, enerji tələbatı Avropa İttifaqı və Yaponiyada müvafiq olaraq 20 faiz və 10 faiz nisbətində azalacaq.
Asiya qlobal təbii qaz artımının yarısını, külək və günəş enerjisindəki artımın 60 faizini, neft hasilatındakı artımın 80 faizindən artığını, kömür və nüvə enerjisindəki artımın isə 100-dən çoxunu təşkil edəcək.

yap.org.az