İqtisadiyyat

  • 4 027

“Şahdəniz” yatağından ümumi qaz hasilatı 100 milyard kubmetrə çatıb

image

“Şahdəniz” yatağından ümumi qaz hasilatı 100 milyard kubmetrə çatıb.“BP Azerbaijan” şirkətindən bildirilib ki, bu nailiyyət yataqdan ilk kommersiya qaz həcmlərinin hasilatına başlandığı və Cənubi Qafqaz Boru Kəmərinin işə düşdüyü elan edilən vaxtdan tam 12 il sonra əldə edilib.

2006-cı il dekabrın 15-də elan edilmiş ilk hasilat yatağın işlənməsinin 1-ci mərhələsinin başlanğıcı idi və o vaxtdan bəri qaz həcmləri uğurla və etibarlı şəkildə Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılır. 2018-ci il isə “Şahdəniz” layihəsi üçün növbəti əlamətdar hadisə ilə yadda qalıb. Planlaşdırıldığı kimi, iyunun 30-da “Şahdəniz-2” çərçivəsində Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinə başlanılıb və iyulun sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz əldə edilib.
2006-cı ildən bəri “Şahdəniz” yatağından, həmçinin ümumilikdə 196 milyon barreldən artıq kondensat hasil edilib.
Hazırda “Şahdəniz” yatağından hasilat “Alfa” platformasında təqribən 10, “Bravo”da isə 6 quyudan əldə edilir.
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” bu günədək BP-nin dünyada kəşf etdiyi ən böyük qaz yatağıdır. Bu nəhəng yataq təxminən 860 kilometr ərazini əhatə edir. Yataq 1999-cu ildə aşkar edilib.
Bütün “Şahdəniz” yatağında hesablanmış ilkin geoloji qaz ehtiyatı təxminən 1 trilyon kubmetrdən artıq və kondensat ehtiyatı isə 2 milyard barrel təşkil edir.
“Şahdəniz-2” ilk dəfə olaraq Xəzər qazını Avropa bazarına çıxaracaq yeni Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. Sabit pik hasilat zamanı bu layihənin mövcud hasilat həcmlərinə ildə 16 milyard kubmetr qaz əlavə edəcəyi gözlənilir. “Şahdəniz” yatağının ümumi hasilat həcmi ildə 26 milyard kubmetr qaz və gündə 120 min barrel kondensat səviyyəsinə çatacaq.
“Şahdəniz-2” çərçivəsində Xəzər dənizində ilk dəfə yatağın suyun altında işlənməsi reallaşdırılır və bu, BP şirkətinin bu vaxtadək dünyada operatoru olduğu ən iri dəniz infrastrukturudur.

yap.org.az

Digər xəbərlər