Azərbaycanla Çinin enerji sahəsində əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub

“Bir kəmər, bir yol” 2-ci Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində Çində səfərdə olan energetika naziri Pərviz Şahbazov Çin Enerji Administrasiyasının rəhbəri Zhang Jianhua ilə görüşüb.

Energetika Nazirliyindən bildirilib ki, görüşdə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq, iki ölkə arasında enerji sahəsində əlaqələrin genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılıb.
Nazir deyib ki, Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə sənədlərin imzalanması iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır: “Ümid edirik ki, bu uğuru energetika sahəsi üzrə də davam etdirə bilərik”.
Görüşdə neft-qaz, neft-kimya, emal sənayesi, elektroenergetika və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları diqqətə çatdırılıb. Çin şirkətləri bərpaolunan enerji sahəsində iştiraka dəvət edilib.
Çin Enerji Administrasiyasının rəhbəri Z.Jianhua da enerji şirkətlərinin qarşılıqlı fəaliyyətinin gücləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, Çin Enerji Administrasiyası Azərbaycanın enerji sektorunda Çin şirkətlərinin fəaliyyətlərinin genişlənməsi, eləcə də bərpaolunan enerji sahəsində iştiraklarının təmin olunması istiqamətində çalışacaq.
P.Şahbazov iki ölkə arasında enerji sahəsində əməkdaşlıq potensialının dəyərləndirilməsi məqsədilə Çin Enerji Administrasiyasının rəhbərini Azərbaycana dəvət edib.

yap.org.az