Azərbaycan qida məhsullarının Çinin İvu şəhərinə ixracına dair müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Çinə növbəti ixrac missiyası bu ölkənin ticarət şəhərlərindən biri İvuda olub.

Nazirlikdən bildirilib ki, İvu şəhərinə səfər çərçivəsində AZPROMO-nun və Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin dəstəyi, İvu Şəhər Xalq Hakimiyyəti və Çin İqtisadi Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın qida, şərab və spirtli içkilər, meyvə şirələri istehsal edən şirkətlərinin nümayəndələrinin və yerli iş adamlarının iştirakı ilə biznes forum keçirilib.
Forumun açılış mərasimində çıxış edən İvu şəhər merinin müavini Li Cunfu Çinin beynəlxalq ticarət əlaqələrində xüsusi yeri olan İvunun ötən il idxal-ixrac əməliyyatlarının ümumi həcminin 256 milyard yuan (37 milyard ABŞ dolları) təşkil etdiyini deyib. O, dünyanın "xırdavat mallar paytaxtı" adlandırılan İvunun tarixi İpək yolu üzərində yerləşən Azərbaycan ilə əməkdaşlığa hazır olduğunu bildirərək, Çinin "Bir kəmər, bir yol" strategiyasının iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni və böyük imkanlar yaratdığını deyib. L.Cunfu hər iki ölkənin iş adamlarını bu imkanlardan yararlanmağa, bununla da ikitərəfli iqtisadi-ticarət əlaqələrinə töhfələr verməyə çağırıb.
Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu iki ölkə arasında iqtisadi-ticarət əlaqələrində son illər müşahidə olunan inkişafdan danışaraq Azərbaycanın Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, Asiya ilə Avropa arasında nəqliyyat yollarının üzərində yerləşən Azərbaycan özünün iqtisadi, o cümlədən tranzit-logistika imkanları ilə "Bir kəmər, bir yol" strategiyasının həyata keçməsinə böyük töhfələr vermək iqtidarındadır. Avropa ilə Asiya arasında ən qısa dəmir yolu bağlantısını təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni Bakı Limanı da daxil olmaqla Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu yüklərin Çindən Avropaya və əks istiqamətdə ən qısa zamanda daşınmasını təmin edir.
Qeyd olunub ki, 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edib. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin təqribən 43 faizi Azərbaycanın payına düşür. Ötən ay Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon dollarlıq 10 sənəd imzalanıb.
Bildirilib ki, "Made in Azerbaijan" brendi ilə istehsal olunan məhsulların Çinə ixracının təmin olunması məqsədilə Şanxay, Urumçi və Lucou şəhərlərində Azərbaycanın ticarət və şərab evləri açılıb. Azərbaycandan Çinin bir neçə şəhərinə ixrac missiyaları təşkil edilib. Bundan başqa, Azərbaycan Çində keçirilən sərgilərdə fəal iştirak edir. Bütün bunlar ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından əhəmiyyətli faktlardır.
AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev təqdimatla çıxış edərək çinli biznes ictimaiyyətinə Azərbaycanda investisiya və ticarət imkanları barədə məlumat verib.
Azərbaycandakı əlverişli biznes və sərmayə mühitindən danışan Y.Abdullayev Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini diqqətə çatdırıb.
Sonda iş adamları arasında ikitərəfli görüşlərin keçirilib, Azərbaycanın rəqabətqabiliyyətli məhsullarının Çinə ixracına dair müzakirələr aparılıb, ilkin razılıq əldə olunub.

sia.az