İqtisadiyyat

  • 3 183

Azərbaycan ilə Qazaxıstan arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib

image

Sentyabrın 17-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan tərəfini Xarici İşlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Qazaxıstan tərəfini isə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Qazaxıstan Respublikasının Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Zülfiyyə Amanjolova təmsil edib.
Məsləhətləşmələr zamanı Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası Katibliyinin təsis olunması məsələsi müzakirə olunub və Katibliyin tezliklə fəaliyyətə başlaması məqsədilə Konvensiyanın tərəfləri arasında razılaşdırma prosedurunun sürətləndirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə Xəzəryanı ölkələrin dövlət başçıları tərəfindən imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın implementasiyası üzrə, eləcə də Xəzəryanı dövlətlər arasında hazırda razılaşdırma mərhələsində olan sahəvi əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri barədə fikir mübadiləsi aparılıb.
Həmçinin tərəflər arasında Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun növbəti iclasının gündəliyində duran məsələlər, o cümlədən Xəzər dənizində düz çıxış xətlərinin müəyyən olunması metodikası haqqında Saziş layihəsi ilə bağlı müzakirələr baş tutub.
Bundan başqa, iki ölkə arasında Xəzər dənizi hövzəsində əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə olunub və bu xüsusda hazırda dənizin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi prosesi və gələcəkdə mümkün ola biləcək digər layihələr barədə söhbət aparılıb.
Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq kəsb edən digər mövzular da müzakirə olunub.

yap.org.az

Digər xəbərlər