İqtisadiyyat

  • 4 943

Milli uğur strategiyası - “Əsrin müqaviləsi”

image

Azərbaycan müstəqillik qazandıqdan sonra ölkənin inkişafının maliyyələşdirilməsi və yaxın ölkələrlə razılaşmalar yolu ilə regional sabitliyin və inkişafın təşviqi istiqamətində öz neft sənayesini xarici investisiyalar üçün açdı. Hökumətin hazırladığı milli strategiya 1994-cü ilin sentyabrında, Azərbaycan üçün tarixi bir gündə – Hasilatın pay bölgüsü haqqında Sazişin (HPBS) imzalanması ilə nəticələndi. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən 3 əsas neft yatağını – “Azəri”, “Çıraq” yataqlarını və “Günəşli” (AÇG) yatağının dərinlikdə yerləşən hissəsini əhatə edən sahənin işlənməsi haqqında həmin saziş Dövlət Neft Şirkəti (SOCAR) ilə 7 ölkədən olan 11 xarici neft şirkəti arasında imzalandı.İlkin olaraq 30 il müddətinə imzalanan və 2017-ci ildə əsrin ortalarınadək uzadılan saziş 1994-cu il dekabrın 2-də Milli Məclis tərəfindən qəbul olunub və həmin il dekabrın 14-də qüvvəyə minib. Bu HPBS keçmiş Sovet ittifaqının hər hansı bir ölkəsinə qərb transmilli şirkətləri tərəfindən qoyulmuş ilk böyük investisiya olub və “Əsrin müqaviləsi” kimi tanınır.HPBS ratifikasiya olunduqdan sonra sazişi SOCAR və Azərbaycan hökuməti ilə əməkdaşlıq edən xarici səhmdarlar adından həyata keçirmək üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılıb. İlkin olaraq ABƏŞ 6 ölkəni, yəni Böyük Britaniya, ABŞ, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanını təmsil edən 11 iri xarici neft şirkətindən (BP, “Amoco”, “Unocal”, “LUKoil”, “Statoil” (indiki “Equinor”), “Exxon”, “TPAO”, “Pennzoil”, “McDermott”; “Ramco”; “Delta Nimir”) təşkil olunub.1999-cu ilin iyunundan etibarən BP ABƏŞ üzrə operatorluq funksiyasını öz üzərinə götürüb.Hazırda AÇG üzrə iştirak payları aşağıdakı kimidir: BP (30,37 faiz), SOCAR (25 faiz), “Chevron” (9,57 faiz), “Inpex” (9,31 faiz), “Equinor” (7,27 faiz), “ExxonMobil” (6,79 faiz), “TPAO” (5,73 faiz), “Itochu” (3,65 faiz), “ONGC Videsh Limited” (OVL) (2,31 faiz).AÇG sazişi ABƏŞ üçün iş proqramını və xüsusi layihə büdcələrini təsdiq edən Rəhbər Komitə tərəfindən tənzimlənir. Rəhbər Komitə SOCAR, Azərbaycan hökuməti və iştirakçı xarici neft şirkətlərinin nümayəndələrindən təşkil olunub.Saziş Azərbaycanın dəniz yataqları üzrə ilk HPBS sazişidir, ölkənin yeni neft strategiyasının institusionallaşması və investorlar üçün hüquqi sabitlik təmin edən bazanın yaranması ilə əlamətdardır. HPBS-ə əsasən, yatağın işlənməsinin hər mərhələsi üçün iştirakçı neft şirkətləri bütün işlənmə xərclərini ödəyir və həmin xərcləri “məsrəflərin ödənilməsi üçün neft” formasında kompensasiya edirlər. Hasil olunan neftin qalan hissəsi şirkətlər və Azərbaycan dövləti arasında bölüşdürülən “mənfəət nefti”dir.

Müqavilə sahəsi
AÇG neft yatağı Xəzərin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr şərqdə dənizdə yerləşir. AÇG meqastrukturu Xəzərin altında 2000-3500 metr dərinlikdə yerləşən “Balaxanı” VIII və X, həmçinin yuxarı və aşağı Fasilə lay dəstələrini əhatə edir. Bu ilin birinci yarısının sonuna ümumi investisiya həcmi 36 milyard dollardan çox olub. Bu günədək AÇG yatağından cəmi 3,6 milyard barreldən çox neft hasil edilib.Yatağın işlənməsi bir neçə mərhələdə həyata keçirilib: “Çıraq” yatağından hasilat ilkin neft layihəsi (İNL) çərçivəsində 1997-ci ildən başlanıb. Bunun ardınca “Azəri” layihəsi Mərhələ 1 – “Mərkəzi Azəri” gəlir. Orada hasilat 2005-ci ilin əvvəlində başlanıb. Sonrakı 2-ci faza “Qərbi Azəri” və “Şərqi Azəri” platformalarını əhatə edib. Orada hasilat müvafiq olaraq 2005-ci ilin dekabrında və 2006-ci ilin axırlarında başlanıb. AÇG yatağının işlənməsinin növbəti 3-cü fazası çərçivəsində “Dərinsulu Günəşli” platformasından hasilat 2008-ci ilin aprelində başlanıb. Həmin fazalardan sonra “Qərbi Çıraq” platformasını əhatə edən “Çıraq” neft layihəsi davam edib. Həmin platformadan ilk neft 2014-cü il yanvarın 28-də əldə olunub. AÇG yatağının işlənməsi ilə əlaqədar ən sonuncu layihə “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsidir. Bu layihəyə cari ildə sanksiya verilib və o, bir hasilat platformasının tikintisindən ibarətdir. ACE layihəsi hazırda icra mərhələsindədir və orada ilk neft hasilatı 2023-cü ildə gözlənilir.Hazırda AÇG yatağından gündəlik təxminən 550 min barrel neft hasil olunur. Həmin neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) marşrutları ilə ixrac olunur.
Beynəlxalq səviyyədə tanınma
AÇG tərəfdaşları ilə Azərbaycan hökumət arasında 25 illik uğurlu əməkdaşlıq xarici neft şirkətlərinin Azərbaycan hökuməti və SOCAR ilə dənizdə hasilat platformaları, sualtı boru kəmərləri, quruda saxlama və beynəlxalq bazarlara ixrac sistemlərini əhatə edən dünya səviyyəli layihəni birgə həyata keçirməyin mümkünlüyünü nümayiş etdirib.Bu, investorların inamını artırıb və beynəlxalq aləmdə Azərbaycanın uğurlu biznes məkanı kimi tanınmasına imkan yaradıb.AÇG sayəsində Azərbaycan strateji enerji təchizatçısı kimi daha mühüm rol oynamağa başlayıb.
Sazişin müddətinin uzadılması
AÇG yatağının işlənməsinin misilsiz uğurunu nəzərə alaraq, Azərbaycan hökuməti və AÇG tərəfdaşları düzəliş edilmiş və yenidən təsdiq edilmiş sazişi 2017-ci il sentyabrın 14-də imzalayaraq sazişin müddətini əsrin ortalarına qədər uzadıblar. Yeni saziş Bakıda, Prezident İlham Əliyevin iştirakı ilə imzalanıb.Yeni saziş hökumətə və investorlara AÇG-nin Azərbaycan və şirkətlər üçün iqtisadi səmərəliyini növbəti 30 il ərzində maksimum dərəcədə artırmağa və bu dünya səviyyəli yatağa 40 milyard dollardan çox kapital qoymağa imkan verir. O, növbəti 30 ildə AÇG üzrə iştirakçı şirkətlərin AÇG yatağının uzunmüddətli işlənmə potensialını yeni investisiyalar, yeni texnologiyalar və yataqdan hasilatı maksimuma çatdırmaq üçün yeni birgə səylər hesabına açmaq üçün Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirəcəklərinə zəmanət verir.
AÇG layihəsi üzrə işin böyük hissəsi Azərbaycan mütəxəssisləri və işçi qüvvəsi tərəfindən yerinə yetirilib
AÇG layihəsində ən birinci və ən vacib yeri onun işlənməsinə cəlb olunmuş yüksək ixtisaslı insanlar tutur. AÇG layihəsi dünyanın müxtəlif yerlərindən öz işinə sadiq minlərlə insanın töhfə verdiyi əsl beynəlxalq miqyaslı nailiyyət olsa da, işin böyük hissəsi ölkə daxilində Azərbaycan mütəxəssisləri və işçi qüvvəsi tərəfindən yerinə yetirilib.Layihə qonşu icmalardan minlərlə insanı işlə təmin edib və yüzlərlə yerli Azərbaycan şirkətlərinə öz imkanlarını inkişaf etdirməyə, neft-qaz sənayesi layihələri üçün təchizatçı olmağa imkan verib. Yeni peşə bacarıqları öyrənilib, yerli biznes infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşıb.İmkanların bu cür artması layihələr çərçivəsində dünya səviyyəli dəniz platformalarının istehsalı ilə əlaqədar işləri tam olaraq Azərbaycanda yerinə yetirməyə imkan verib.Bundan əlavə, hazırda Azərbaycan vətəndaşları AÇG üzrə operator olan “BP Azerbaijan” şirkətinin peşəkar heyətinin 90 faizini təşkil edir. AÇG layihəsində iştirak edən milli kadrların inkişaf etdirilməsi çərçivəsində BP Azərbaycan şirkətinin bir çox yerli işçiləri BP-nin Böyük Britaniya, İraq, Rusiya və digər ofislərində rəhbər vəzifələrə təyin olunaraq yüksək peşəkarlıq və səriştə əldə ediblər.
Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri
Beynəlxalq səviyyədə AÇG layihəsinin uğuru Azərbaycandan gələn enerjinin strateji əhəmiyyətini əks etdirir. AÇG layihəsi qapalı hövzə olan Xəzər dənizindən dünya bazarlarına tamamilə yeni bir marşrut açıb. Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri AÇG layihəsinin həyata keçirilməsinin vacib və ayrılmaz tərkib hissəsidir.Hazırda AÇG yatağından hasil olunan həcmin böyük hissəsi dünya bazarlarına bu boru kəməri vasitəsilə çatdırılır. BTC 3 ölkənin ərazisindən keçərək 1768 kilometr məsafəyə uzanan dünya səviyyəli bir boru kəməridir. O, Azərbaycandan Gürcüstana keçərək Aralıq dənizinə çatır. Türkiyənin Ceyhan şəhərində yeni bir dəniz terminalı inşa edilib. BTC kəməri beynəlxalq bazarlara təhlükəsiz və etibarlı çıxış təmin edən bir marşrutdur və regionu əsas beynəlxalq enerji oyunçusuna çevirir.BTC boru kəməri tranzit əraziyə malik ölkələr üçün xeyli gəlir gətirib, Azərbaycan, Gürcüstan, Türkiyə və qərb arasında iqtisadi və siyasi əlaqələrin güclənməsinə kömək edib. BTC kəmərinin ötürücülük qabiliyyəti gündəlik 1 milyon barrel təşkil edən layihə gücündən hazırda sutkalıq 1,2 milyon barrelə qədər artırılıb. Bu günədək həmin boru kəməri vasitəsilə təxminən 3,3 milyard barrel (təxminən 440 milyon ton) xam neft Xəzərdən Aralıq dənizinə təhlükəsiz və etibarlı şəkildə nəql olunub.

sia.az

Digər xəbərlər